Evi sənədsiz olanların diqqətinə! Müvəqqəti müqavilə ilə...
Cəmiyyət
12.02.2026 17:57
Milli Məclisin iclasında sənədsiz evlərə qaz çəkilməsi məsələsi müzakirəyə çıxarılıb.
Deputat Razi Nurullayev bildirib ki, “Qaz təchizatı haqqında” qanuna təcili dəyişiklik edilməli və vətəndaşlardan mülkiyyət sənədi tələb olunmadan yaşayış evlərinə qaz xətti çəkilməsinə icazə verilməlidir.
Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov TodayPress TV-yə danışıb.

O bildirib ki, təşəbbüs sosial baxımdan müəyyən qədər əsaslı görünsə də, hüquqi və şəhərsalma baxımından ciddi risklər yarada bilər:
"Burada problem iki istiqamətlidir. Bildiyimiz qədər, ölkədə təxminən 600–700 min qanunsuz tikilidən söhbət gedir. Son dörd-beş-altı il ərzində daşınmaz əmlakın bahalaşması bu kimi qanunsuz tikililərin dövriyyəsinin artmasına birbaşa təsir göstərib və onların sayının sürətlə çoxalmasına səbəb olub. Müxtəlif işbazlar bu cür evlər tikərək kifayət qədər qazanc əldə edirlər. Nəticədə qanunsuz tikililərin dövriyyəsi genişlənir".
Ekspertin fikrincə, ölkəmizdə bir çox qanun və normativ aktlarda yerli icra hakimiyyətinin qərarları və müxtəlif layihələrin həlli ilə bağlı müddəalar mövcuddur.:

"Fikrimcə, torpaqların problemli vəziyyətə düşməsində bələdiyyə strukturları da müəyyən dərəcədə məsuliyyət daşıyır. Çünki onların əsasnamələri hələ də tam formalaşmayıb və tam gücü ilə fəaliyyət göstərmirlər. Bu baxımdan, bələdiyyə torpaqları üzərində tikilən evlərin layihə sənədlərinə baxıldıqdan sonra yerli icra qurumlarının rəyi də nəzərə alınsa, vətəndaş bələdiyyədən aldığı razılıq sənədi ilə “ASAN Kommunal” və digər qurumlara müraciət etmək üçün hüquqi əsas əldə edə bilər. Bu halda həmin kateqoriyaya aid vətəndaşların əmlaklarına kommunikasiya xətləri çəkilə bilər".
Elnur Azadov hesab edir ki, məsələ kompleks şəkildə — şəhərsalma, əmlakın qeydiyyatı və kommunal təhlükəsizlik mexanizmləri ilə paralel həll edilməlidir:
"Tamamilə qanunsuz şəkildə inşa edilmiş evlərə kommunikasiyaların verilməsi, mənim fikrimcə, düzgün olmazdı. Əsas hədəf sənədsiz evlərin sayını azaltmaq və onları hüquqi dövriyyəyə daxil etmək olmalıdır. Kommunal xidmətlərin verilməsi isə bu proseslə uzlaşdırılmış şəkildə həyata keçirilməlidir".
Türkan İsgəndərli
tag: Elnur Azadov,Ekspert,Razi Nurullayev,Deputat,Todaypress.tv,
