Etibarnamə ilə avtomobili idarə edənlər sığorta haqqına necə təsir edəcək? – Ekspert açıqladı
Azərbaycanda icbari avtomobil sığortası ilə bağlı tətbiq ediləcək yeni qaydalar sürücülər arasında müxtəlif suallar yaradıb. Xüsusilə avtomobili etibarnamə əsasında bir neçə şəxsin idarə etdiyi hallarda sığorta haqqının necə hesablanacağı maraq doğurur.
Mövzu ilə bağlı sığorta eksperti Nicat Əlibəyli TodayPress TV-yə bildirib ki, rəsmi qaydalarda “etibarnamədə göstərilən bütün şəxslərin sığorta tarixçələrinin nəzərə alınması” ilə bağlı hər hansı müddəa yoxdur.

"Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi dəyişikliklərə əsasən, avtomobili idarə etmək hüququ olan bir neçə şəxs olduqda onların sığorta tarixçələri cəmlənmir. Sadəcə həmin şəxslər arasında ən yüksək riskə malik sürücünün Sığorta Tarixçəsi Əmsalı tətbiq olunur".
Onun sözlərinə görə, bu o deməkdir ki, sığorta haqqı etibarnamədə adı olan şəxslərin sayına görə deyil, həmin şəxslər arasında ən riskli hesab edilən sürücünün göstəricisinə əsasən müəyyənləşdirilir.
“Yəni iki, üç və ya daha çox şəxsin avtomobili idarə etmək hüququnun olması avtomatik olaraq sığorta haqqının artması demək deyil. Hesablamada əsas amil sürücülərin sayı deyil, onların arasında ən yüksək risk göstəricisinə malik şəxsin sığorta tarixçəsidir".
Ekspert əlavə edib ki, yeni yanaşmanın əsas məqsədi əvvəlki sistemdə mövcud olan boşluqları aradan qaldırmaqdır.
"Əvvəlki qaydalarda bəzi riskli sürücülər sığortanı daha aşağı risk əmsalına malik şəxslərin adına rəsmiləşdirərək daha ucuz sığorta əldə edə bilirdilər. Yeni mexanizm isə bu cür halların qarşısını almağa və riskin faktiki olaraq avtomobili idarə edən şəxslərə uyğun qiymətləndirilməsinə xidmət edir", - deyə Nicat Əlibəyli fikrini tamamlayıb.
Qeyd edək ki, yeni qaydalar 16 iyun 2026-cı ildən qüvvəyə minir.
Türkan İsgəndərli