Ətə "qurban" olacağıq - Bayramda qiymətdən niyə "əlimiz yanacaq"?
"Bu il Azərbaycanda qurbanlıq qoyun və ətin qiymətləri əvvəlki illərlə müqayisədə xeyli bahalaşıb".
Bunu TodayPress TV-yə açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, hazırda bazarlarda orta ölçülü qurbanlıq qoyunların qiyməti təxminən 350 manatdan başlayır və heyvanın çəkisinə, cinsinə, köklüyünə görə 500-600 manata qədər yüksəlir:
"Daha iri və yaxşı bəslənmiş qoyunlar isə bundan da baha satılır. Bölgələrdə qiymətlər Bakıya nisbətən bir qədər münasib olsa da, ümumi artım hər yerdə hiss olunur. Qoyun ətinin kiloqramı isə təxminən 16-20 manat arasında dəyişir. Bayrama yaxın günlərdə tələbat artdığı üçün qiymətlərin bir qədər də yüksələcəyi gözlənilir".
Ekspert bildirib ki, qiymət artımının əsas səbəbi yem, ot, dərman və heyvandarlıq xərclərinin bahalaşmasıdır:
"Fermerlər bildirirlər ki, son illərdə heyvan saxlamaq əvvəlki qədər sərfəli deyil. Yanacaq və daşınma xərclərinin artması da qiymətlərə təsir edir. Üstəlik, Qurban bayramı yaxınlaşdıqca alıcı sayı çoxalır və bu da bazarda qiymətin aşağı düşməsinə imkan vermir".
İqtisadçı vurğulayıb ki, Azərbaycan ailələrinin büdcəsi baxımından vəziyyət hamı üçün eyni deyil. Yüksək və orta gəlirli ailələr üçün qurbanlıq almaq mümkün olsa da, aylıq gəliri az olan ailələr üçün 400-500 manatlıq qoyun almaq ciddi maliyyə yükünə çevrilib:
"Xüsusilə kirayədə yaşayan, kredit ödəyən və çoxuşaqlı ailələr üçün bu məbləği birdəfəlik xərcləmək çətin olur. Buna görə son illərdə insanlar daha çox bir neçə nəfərin birləşib iri heyvan kəsməsinə və ya qurbanı pay şəklində etməyə üstünlük verirlər. Bəziləri isə daha münasib qiymət tapmaq üçün bölgələrdən heyvan almağa çalışır. Bununla yanaşı, cəmiyyətdə qurban ibadətinin sosial tərəfi də güclüdür. Bir çox insan qiymət baha olsa belə, bu ibadəti yerinə yetirməyə çalışır, çünki həm dini baxımdan önəmli hesab olunur, həm də ehtiyacı olan insanlara yardım etmək məqsədi daşıyır".
Akif Nəsirli əlavə edib ki, bu il qurbanlıq xərcləri Azərbaycan ailələrinin büdcəsinə əvvəlki illərlə müqayisədə daha ağır təsir edəcək.
Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı 2026-cı ildə mayın 27-si və 28-nə təsadüf edir.
Türkan İsgəndərli