Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür

Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür
04.06.2026 16:55 Cəmiyyət

Paytaxtın Yasamal rayonu ərazisində “Changan” markalı minik avtomobilində baş verən yanğın hadisəsi ictimai marağa səbəb olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, avtomobilin mühərrik hissəsində başlayan yanğın qısa müddətdə söndürülüb və hadisə nəticəsində xəsarət alan olmayıb.

Bu hadisə son illərdə Azərbaycanda sayı artan Çin istehsalı avtomobillərin təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı TodayPress TV-yə açıqlama verib. 


Ekspert bildirir ki, ümumilikdə konkret marka və ya istehsal ölkəsini hədəfə almaq düzgün yanaşma deyil. Çin istehsalı olan avtomobillərin bəzilərində müəyyən problemlərin olması doğrudur. Lakin yanğın halları təkcə marka ilə deyil, əsasən istismar və texniki müdaxilələrlə bağlı olur.

Bəzi hallarda avtomobillər həddindən artıq yüklənir və ya qeyri-standart elektrik müdaxilələrinə məruz qalır. Əlavə işıqlar, naqil dəyişiklikləri, LED sistemlərin sonradan quraşdırılması kimi hallar qısaqapanma riskini artıra bilər.

Ekspert qeyd edir ki, sürücülər maşınların “başına oyun açırlar, dinc dayanmırlar”. Sonra da deyirlər ki, maşın yandı.

Həmçinin “Bu kimi hadisələrdə konkret səbəbi müəyyən etmək üçün mütləq avtomobil-texniki ekspertiza rəy verməlidir. Əgər zavod qüsuru sübut olunarsa, hüquqi müstəvidə istehlakçı tərəfindən iddia qaldırmaq mümkündür və dəymiş zərər ödənilə bilər”, - deyə, Elməddin Muradlı söyləyib.

Xanım Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər