Çörəyin qiyməti niyə artdı? - AÇIQLAMA
Cəmiyyət
11.02.2026 17:57
Azərbaycanda bəzi çörək növlərinin, xüsusilə “baton”ların qiyməti artıb. Əvvəllər 1 manata satılan doğranmış baton indi 1 manat 10 qəpiyədir. Supermarketlərdə yerində bişirilən çörəklər də bahalaşıb.
Bəs bahalaşmanın səbəbi nədir və yaxın dövrdə başqa hansı məhsullarda qiymət artımı baş verə bilər?
İqtisadçı Xalid Kərimli TodayPress TV-yə danışarkən bildirib ki, dünya bazarında dənli bitkilərin, o cümlədən buğdanın qiymətində ciddi artım yoxdur.

Onun sözlərinə görə, əsas idxal istiqamətləri üzrə də kəskin dəyişiklik müşahidə edilmir. Lakin bu, daxili bazarda qiymətlərin sabit qalacağı anlamına gəlmir:
"Əsas səbəblərdən biri logistika və çatdırılma xərclərinin artmasıdır. Son iki ildə yanacaq qiymətlərində baş verən artım istehsal və daşınma xərclərinə birbaşa təsir edib. Belə ki, 2024-cü ilin ortalarında dizel yanacağının qiyməti 25 faiz, 2025-ci ilin sonunda isə əlavə olaraq 10 faiz artırılıb. Benzinin qiymətində də oxşar artım qeydə alınıb. Bu isə çörək istehsalından satış nöqtələrinə qədər bütün zəncir üzrə maya dəyərini yüksəldib".
İqtisadçı əlavə edib ki, enerji və kommunal xərclərin artması da istehsalçıların yükünü ağırlaşdırıb:
"Tarif Şurasının qərarları ilə dövlət tərəfindən təqdim olunan bəzi enerji məhsulları və xidmətlərin bahalaşması çörək zavodlarının əməliyyat xərclərini artırıb. Dünya bazarında idxal qiymətlərində dollar ifadəsində ciddi dəyişiklik olmasa da, manatın dönərli valyutalar qarşısında ucuzlaşması idxal olunan xammal və materialların manatla ifadədə bahalaşmasına səbəb olub. Bu da çörək istehsalında istifadə edilən əlavə materialların maya dəyərinə təsir göstərir".
Ekspert vurğulayıb ki, çörək sosial baxımdan həssas məhsul olsa da və rəsmi olaraq tənzimlənən mallar siyahısına daxil edilməsə də, daim dövlət nəzarətindədir:
"Bu sahədə mənfəət marjası aşağı olduğundan xərclərdəki hətta kiçik artım belə istehsalçıların rentabelliyinə ciddi təsir göstərir. Bu isə nəticə etibarilə qiymət artımını zəruri edir. Yanacaq, enerji, logistika və əmək xərclərində artım davam edərsə, bu tendensiya digər un məmulatlarına və ümumilikdə yerli istehsal olunan ərzaq məhsullarına da təsir göstərə bilər", - deyə Xalid Kərimli qeyd edib.
Türkan İsgəndərli
tag: Xalid Kərimli,İqtisadçı,Çörək,Bahalaşma,Todaypress.tv,
