Bir vaxtlar hər yerdə olan dəmir tullantıları hara yoxa çıxdı?
Əvvəllər şəhərdə tez-tez rast gəlinən dəmir tullantılarının azalması diqqət çəkir.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli TodayPress TV-yə danışıb.

İqtisadçı bildirib ki, bu dəyişiklik əsasən təkrar emal prosesinin daha aktiv işləməsi və bu sahədə fərdi toplayıcıların sayının artması ilə bağlıdır.
O qeyd edib ki, hazırda metal tullantılarının toplanması və təhvil verilməsi ilə məşğul olan şəxslərin sayı xeyli artıb və bu materiallar daha çox sənaye müəssisələrinə xammal kimi yönləndirilir:
“Bu işlə məşğul olan xüsusi insanlar var. Bəzi müəssisələr də bu tullantıları xammal kimi qəbul edir. Bu işlə məşğul olan insanlar hər yerdən dəmir məmulatlarını toplayıb təhvil verirlər.”
Natiq Cəfərli əlavə edib ki, bu proses həm iqtisadi maraq, həm də gündəlik qazanc imkanları ilə bağlıdır:
“Hardasa qazanc varsa, vətəndaşlar bundan istifadə etməyə çalışır. Bu da nəticədə küçələrdə əvvəlki kimi metal tullantıların görünməməsinə səbəb olur.”
Qeyd edək ki, dəmir və digər metal tullantılar bir çox ölkələrdə yüksək dəyərə malik xammal hesab olunur və təkrar emal sənayesində geniş istifadə edilir. Bu səbəbdən inkişaf etmiş ölkələrdə belə tullantıların küçələrdə qalması nadir hallarda müşahidə olunur. Əksinə, bu materiallar xüsusi toplama sistemləri vasitəsilə yığılaraq sənaye istehsalına geri qaytarılır.
Xanım Musayeva