Azərbaycandan izahı olmayan psixoloji mənzərələr - Hər il Xəzərdə batan maşınlar
Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində sahilə daxil olan avtomobil palçığa batıb və ərazidən texnikanın köməyi ilə çıxarılıb.
TodayPress TV xəbər verir ki, bu cür görüntülər artıq tək-tük deyil, təkrarlanan bir mənzərəyə çevrilib.
Son illərdə sahil boyunca müxtəlif ərazilərdə eyni hadisələr baş verir. Sürücülər dəniz kənarına maşınla yaxınlaşır və hər dəfə nəticə eyni olur. Yumşaq qum və palçıq qatını düzgün qiymətləndirmədikləri üçün avtomobillər hərəkətsiz qalır.
Bu davranışın arxasında təkcə yol şəraiti yox, psixoloji faktorlar da dayanır. İnsanlarda “mən bacararam” düşüncəsi və həddən artıq özgüvən riskin real qiymətləndirilməsini zəiflədir. Bir çox sürücü təhlükəni nəzərə alsa da, özünün istisna olacağını düşünür.
Digər tərəfdən, sosial təqlid də mühüm rol oynayır. Daha əvvəl kiminsə sahilə girib orada olması və ya şəkil çəkməsi digər insanlarda da bunun təhlükəsiz olduğu təsəvvürünü yaradır. Beləcə risk getdikcə normal bir davranış kimi qəbul edilir.
Nəticədə isə eyni ssenari təkrarlanır. Sahilə avtomobillə daxil olurlar, palçıqda batırlar və evakuator köməyi çağırırlar. Bu hadisələr göstərir ki, problem təkcə yol şəraiti deyil, həm də dəyişməyən davranış vərdişləridir.
Xanım Musayeva