Azərbaycanda dövlət xidmətlərinin qaynar xətləri rus dilində də cavab verir - Nə baş verir?
Azərbaycanda ev təsərrüfatları üçün su, qaz və işıq kimi kommunal xidmətlərin qaynar xətlərinə zəng edən vətəndaşlar bəzən sistemdə dil seçimi və gözləmə müddətləri ilə bağlı fərqli təcrübələrlə qarşılaşdıqlarını bildirirlər.
TodayPress TV xəbər verir ki, jurnalist Baba Allahnəzərov bildirib ki, qaynar xətlərdə ilkin menyuda rus dili seçiminin olması və operatora qoşulma prosesində fərqlər müşahidə edilir.

Onun sözlərinə görə, sistemdə “1” seçildikdə vətəndaşlar uzun müddət musiqi və gözləmə siqnalları eşitdiyi halda, “2” – rus dili seçimi zamanı daha tez operatora qoşulma imkanı yaranır:
"Evdən kommunal xidmətlərlə — su, qaz, işıqla bağlı qaynar xətlərə zəng etsəz, adətən eşidəcəyimiz ikinci söz belə olur: rus dili üçün "2" düyməsini basın. İndi soruşuram: Azərbaycanda dövlət dili azərbaycan dilidirsə, niyə qaynar xətlərdə rus dilində danışıq var?! Amma problem bununla da bitmir. Əgər sən ev telefonunda "1" düyməsini bassan, xətdə uzun-uzadı musiqi eşitməyə məcbur qalacaqsan, sonda isə bezib "otboy" verəcəksən. Amma rus dili üçün "2" düyməsinə toxunan kimi bütün növbələrdən azad olub dərhal operatora bağlanırsan. Bu, dəfələrlə sınaqdan keçib".
Bəs əslində necə olmalıdır?
Bəli, Azərbaycanda dövlət dili Azərbaycan dilidir (Konstitusiya, 21-ci maddə). Buna görə də dövlət qurumlarının, xüsusilə kommunal xidmətlərin qaynar xətlərində prioritet Azərbaycan dili olmalıdır. Rus dilinin birinci və ya "sürətli" seçim kimi qoyulması isə şərti deyil.
Keçmişdə SSRİ tərkibində olduğunu nəzərə alsaq, ölkəmizdə rus dilli insanlar hələ də yaşayır. Ancaq onların sayı azlıq təşkil etdiyindən dərhal operatora bağlanılır.
Azərbaycan dilində isə gözləmə siqnalının olması və uzun müddət davam etməsi isə növbə ilə əlaqəlidir.
Türkan İsgəndərli