Albert Aqarunova hücum edənlər hansı ölkənin kiberterrorçularıdır?

Albert Aqarunova hücum edənlər hansı ölkənin kiberterrorçularıdır?
08.06.2026 16:09 Cəmiyyət

Son günlər İran-İsrail gərginliyi yenidən alovlananda sosial şəbəkələrdə və bəzi müzakirələrdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adı hallandırılır. Bəziləri onun yəhudi əsilli olmasını vurğulayaraq, "İran onun qohumlarına cəza verir" kimi ifadələr işlədirlər.

Bu yanaşma nə qədər doğrudur və nəyə xidmət edir?

Albert Aqarunov 1969-cu ildə Bakının Əmircan qəsəbəsində dağ yəhudisi ailəsində dünyaya gəlib. 1992-ci ildə, cəmi 23 yaşında, Şuşa uğrunda gedən döyüşlərdə tank komandiri kimi qəhrəmancasına vuruşub. Şəhərin müdafiəsində ən ön sıralarda olub, erməni tanklarını məhv edib, son anına qədər əsgərlərinə rəhbərlik edib. Döyüş meydanında şəhid olub. Ölümündən sonra Azərbaycan Prezidentinin fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb. Onun xatirəsi bu gün də Bakıda, Şuşada və ölkənin müxtəlif yerlərində əbədiləşdirilib.

Albert Aqarunov Azərbaycan vətəndaşı idi. Vətənini qorumaq üçün könüllü cəbhəyə gedib. O, hansı millətdən və ya dindən olmasından asılı olmayaraq, Azərbaycan torpaqları uğrunda canından keçib. Azərbaycanda yaşayan və ya vətəndaşı olanlar, İrana pərəstiş edənlər öz ölkəsini qoruyanlara dil uzadırlar. Onu "yəhudi" damğası vuraraq başqa ölkələrin münaqişəsinə calamaq, şəhidin xatirəsinə hörmətsizlikdir.

Azərbaycan hər zaman multikulturalizm siyasəti aparıb. Yəhudilər, o cümlədən dağ yəhudiləri əsrlər boyu ölkəmizdə sülh içində yaşayıblar. Albert kimi qəhrəmanlar da bu birliyin simvoludur. Onun adını xarici münaqişələrə alət etmək, nə Azərbaycan xalqına, nə də şəhidlərimizin xatirəsinə hörmət deyil.

Albert Aqarunov kimi qəhrəmanların Vətənə bağlılığı, cəsarəti müzakirə mövzusu olmalıdır. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər