Ailə və uşaq hüquqları ilə bağlı qanunvericilik təkmilləşdirilir
Cəmiyyət
13.02.2026 14:17
"Azərbaycanda ailə, uşaq hüquqları və məişət zorakılığı sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində bir sıra sənəd layihələri hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub".
TodayPress TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında komitənin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, razılaşdırılması üçün müxtəlif dövlət qurumlarına göndərilən layihələr sırasında bir neçə mühüm qanunvericilik təşəbbüsü yer alır:
"Ailə Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı təkliflər, həmçinin “Uşaq hüquqları haqqında” qanuna dəyişikliklər üzərində iş aparılır. Eyni zamanda, uşaqların informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun üzrə də yeniliklər nəzərdə tutulur".
Komitə sədri qeyd edib ki, məişət zorakılığı halları ilə bağlı məlumatların vahid şəkildə toplanmasını təmin etmək məqsədilə müvafiq məlumat bankının fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar hazırlanıb.
Türkan İsgəndərli
tag: Bahar Muradova,Ailə qadın uşaq,Hüquq,Qanun,Todaypress.tv,
