Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər - İlham Əliyev
Xəzərin ən ciddi problemlərindən biri onun
dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir
davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib
və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə
azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min
kvadratkilometrdən çox azalıb.
TodayPress TV xəbər verir ki, bu
sözləri Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş
tərkibdə iclasında söyləyib.
Dövlətimizin başçısı mövcud tendensiyanın
davam edəcəyi təqdirdə, nəticələrin fəlakətli ola biləcəyini vurğulayıb. O qeyd
edib ki, dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. “Dəniz səviyyəsinin
azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil ərazilərində
insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin
gerilədiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahil infrastrukturu
ilə bağlı problemlərin olduğunu görürük. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi
səbəbindən təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq
sahəsi əmələ gəlib”, - deyə Prezident bildirib.