İlham Əliyev Sərdar Berdiməhəmmədovla görüşdü - FOTOLAR
Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub.
TodayPress TV xəbər verir
ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan
Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri
Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla
xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu
vurğulandı. Qeyd edildi ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə
beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin
dinamikasının bariz göstəricisidir.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin
son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu. Siyasi,
iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın
genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində
qarşılıqlı fəaliyyət məsələləri müzakirə edildi.
Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət
görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi,
regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin
müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulandı.
Prezident İlham Əliyev bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd
etdi.
Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət
Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini
xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən
irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha
minnətdarlığını bildirdi.
Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

