“Qalatasaray” öncəsi Emeridən özünəinamlı açıqlama
“Aston Villa”nın baş məşqçisi Unai Emeri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qalatasaray”la keçiriləcək oyun öncəsi komandasının hazırlıq prosesi barədə danışıb.
TodayPress TV xəbər verir ki, mütəxəssis bu barədə BBC-yə açıqlamasında bildirib.
İngiltərə təmsilçisi qarşılaşmadan bir gün əvvəl məşqini öz ölkəsində - Birmingemdə yerləşən "Bodmur-Hit" bazasında keçirib. Buna səbəb İstanbul klubunun ev stadionu olan “RAMS Park”ın meydançasında təmir işlərinin aparılmasıdır.
Emeri bildirib ki, bu vəziyyət komandanın ənənəvi hazırlıq planını dəyişməyib:
“Bu, bizim adi yanaşmamıza təsir etmir. Biz başqa ölkəyə yola düşməzdən əvvəl "Bodmur-Hit"də məşq etməyə üstünlük veririk. Bəzi istisnalar da edirik. Uzaq məsafəyə və saat qurşağı fərqi olan ölkələrə səfər etdikdə, bəzən məşqlərimizi həmin ölkədə keçiririk. Ötən il “Fənərbağça” ilə oyundan əvvəl də belə etmişdik.
Əlbəttə, stadionda məşq etmək imkanımız olsaydı, bəlkə də bu variantı seçərdik. Lakin bu, hazırlıq rejimimizi dəyişmir.
Bu, bəhanə deyil, çünki vəziyyət hər iki komandaya aiddir. Biz oyuna hazırıq, diqqətimizi cəmləmişik və rəqibimizi təhlil edirik”.
Qeyd edək ki, “Qalatasaray” – “Aston Villa” qarşılaşması bu gün İstanbulda keçiriləcək.
Namiq HUN