İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib.
TodayPress TV xəbər verir ki, qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycan Prezidentinin 2026-ci ilin aprelində Gürcüstana dövlət səfəri məmnunluqla xatırlandı, səfər çərçivəsində yaxşı nəticələrin əldə olunduğu vurğulandı.
Xalqlarımız arasında əbədi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğu qeyd edildi və bundan irəli gələrək bu gün Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi bildirildi.
İkitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi və əlaqələrimizin genişləndirilməsi baxımından müntəzəm olaraq həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə, həmçinin bu yaxınlarda keçirilmiş hökumətlərarası komissiyanın iclasına toxunuldu.
Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərin Gürcüstan tərəfindən alqışlandığını bildirdi.
Cənubi Qafqaz regionunda mövcud sabitliyin önəmi qeyd edildi, Azərbaycanda və Gürcüstanda, həmçinin daha geniş regionda hökm sürən sabit vəziyyətin ölkələrimizin inkişafında rolu vurğulandı.
Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artması məmnunluqla qeyd edilərək, bu nəqliyyat dəhlizinin, həmçinin Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi müxtəlif bağlantı layihələrinin əhəmiyyətinə toxunuldu.
Prezident İlham Əliyev regional məsələlərdə hər zaman inklüziv yanaşmanın olmasının vacibliyini vurğuladı. Bu xüsusda, Azərbaycanın və Gürcüstanın regionda birgə səylərlə həyata keçirdiyi Orta Dəhliz layihəsinin artıq funksional olduğu vurğulandı və bu xətlə daşımaların mütəmadi əsasda artdığı bildirildi.
Bu yaxınlarda imzalanmış “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik xətti layihəsinin önəmi qeyd edildi.
Söhbət zamanı Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edildiyi xatırlanaraq, Gürcüstanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsinin regional əməkdaşlığın inkişafı baxımından vacibliyi bildirildi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.