Ukraynaya silah verənlər də Rusiyanın nişangahındadır - VİDEO
Böyük Britaniyanın MI5 kəşfiyyat xidməti Rusiyanın Avropada müdafiə sənayesi obyektlərinə qarşı təxribat əməliyyatlarını gücləndirdiyi barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Moskva son aylarda xüsusilə Ukraynaya silah və hərbi avadanlıq tədarük edən Avropa şirkətlərinə qarşı təxribat cəhdlərini artırıb.
Bu cəhdlərə yanğınlar və vasitəçi şəxslərdən istifadə edilməklə həyata keçirilən hücumlar daxildir.
Britaniya təhlükəsizlik rəsmiləri müdafiə sənayesində fəaliyyət göstərən şirkətləri fiziki mühafizəni gücləndirməyə, ictimaiyyətə açıq məlumatları məhdudlaşdırmağa və mümkün hücumlara qarşı əlavə təhlükəsizlik tədbirləri görməyə çağırıblar.
MI5 hesab edir ki, bu əməliyyatların əsas məqsədi Qərbin Ukraynaya hərbi dəstəyini zəiflətməkdir. Təxribatların NATO ölkələri üçün də ciddi təhlükəsizlik problemi yaratdığı bildirilir.
Məlumata görə, Rusiya birbaşa hərbi qarşıdurmaya getmədən vasitəçi şəbəkələr və gizli əməliyyatlar vasitəsilə Avropanın müdafiə istehsalına və təchizat zəncirlərinə zərbə vurmağa çalışa bilər. Zavodların, anbarların və logistika mərkəzlərinin hədəfə alınması Ukraynaya silah tədarükündə fasilələrə səbəb olmaqla yanaşı, Avropa ölkələrinin müdafiə xərclərini də artıra bilər.
Jalə Rövşən