Zəngəzur dəhlizi GÜNDƏMDƏ: “Tramp yolu” ətrafında nə baş verir?

Təhlil

21.01.2026 21:16

Rus hərbi tarixçisi Aleksandr Şirokorad “Tramp yolu” ilə bağlı yeni iddia ilə çıxış edib.

Belə ki, “Svodnaya Pressa”da dərc olunan məqaləsində o, “Tramp yolu” boyunca 1000 nəfərlik Amerika özəl hərbi şirkətinin yerləşdirilməsi ilə bağlı məlumatlar yayılmağa başladığını yazıb. Onun sözlərinə görə, bu, söhbətin yalnız iqtisadi layihədən getmədiyini açıq göstərir:


“ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsi prosesi yeni mərhələyə qədəm qoya bilər. Gələcəkdə burada hücum helikopterləri, aerodromlar, hava hücumundan müdafiə sistemləri və digər hərbi infrastrukturların meydana çıxacağı ehtimalı istisna edilmir”.

Onun iddiasına görə, Rusiya və İran sərhədlərində Amerika hərbi bazalarının yerləşdirilməsi Moskva və Tehran üçün ciddi təhlükədir:

“Bu proseslər fonunda əsas sual açıq qalır: Azərbaycan, Ermənistan və hətta Gürcüstanın yaxın gələcəkdə NATO-ya üzv olmayacağına dair hansısa zəmanət varmı?”. 


Politoloq Tural İsmayılov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, rus hərbi tarixçisi Aleksandr Şirokoradın irəli sürdüyü iddialar analitik təhlildən daha çox ehtimallara söykənən təhlükə narrativi xarakteri daşıyır və mövcud regional-siyasi reallıqlarla uzlaşmır:  

“Şirokoradın ABŞ-nin guya “Tramp yolu” boyunca 1000 nəfərlik özəl hərbi şirkət kontingenti yerləşdirməsi ilə bağlı yazdıqları nə rəsmi mənbələrlə təsdiqlənir, nə də konkret hüquqi-siyasi mexanizmlərlə əsaslandırılır. Burada faktlardan çox fərziyyələr üzərində qurulmuş qorxu dili mövcuddur. Özəl hərbi şirkətlərin fəaliyyəti dövlətlərin rəsmi hərbi mövcudluğu ilə eyniləşdirilə bilməz. Beynəlxalq hüquqda və hərbi-siyasi praktikada PMC-lər dövlətin silahlı qüvvələrinin tərkib hissəsi sayılmır, NATO mexanizmləri ilə əlaqələndirilmir və hərbi ittifaq öhdəliyi yaratmır. Şirokorad bu fərqi nəzərə almadan anlayışları qəsdən qarışdırır və oxucuda ABŞ-nin regionda genişmiqyaslı hərbi ekspansiya həyata keçirdiyi təsəvvürü formalaşdırmağa çalışır”.

Tural İsmayılov qeyd edib ki, Cənubi Qafqaz ölkələrinin real xarici siyasət kursu bu tip ssenariləri təkzib edir:  

“Azərbaycanın balanslaşdırılmış, bloklara qoşulmayan və suveren qərarverməyə əsaslanan təhlükəsizlik strategiyası NATO üzvlüyünü gündəmdən kənarda saxlayır. Ermənistanın bu istiqamətdə səsləndirdiyi bəyanatlar daha çox daxili siyasi auditoriyaya hesablanmış ritorikadır və real institusional proseslərə çevrilmir. Gürcüstan məsələsində isə NATO-nun öz daxilindəki risk və eskalasiya hesablamaları üzvlük perspektivini uzun müddətdir faktiki olaraq dondurub. Bu kontekstdə “zəmanət varmı?” sualı analitik deyil, narahatlıq yaratmağa yönəlmiş ritorikadır”.


Ekspertin fikrincə, Şirokoradın yanaşmasında açıq ikili standart müşahidə olunur: 

“Rusiya Federasiyasının onilliklərdir regionda hərbi bazalar saxlaması, sərhəd qoşunları yerləşdirməsi və HHM sistemləri qurması “regional sabitlik” arqumenti ilə normal qəbul edilir. Amma ABŞ-yə aid olduğu iddia edilən və hələ reallaşmamış hipotetik planlar dərhal “strateji təhlükə” kimi təqdim olunur. Bu, analitik obyektivlikdən çox, təsir dairəsinin itirilməsi qorxusuna əsaslanan siyasi refleksdir”.

Analitik əlavə edib ki, “de-fakto hərbi mövcudluq” anlayışı da səhv tətbiq olunur: 

“Hərbi mövcudluğun bu statusu alması üçün daimi kontingent, rəsmi hərbi sazişlər, komanda-nəzarət strukturları və institusional inteqrasiya tələb olunur. Şirokorad isə bu elementlərin heç biri üzrə konkret fakt, sənəd və ya rəsmi razılaşma təqdim etmir. Ehtimallar üzərində qurulan mülahizələr qəti nəticə kimi təqdim edilir ki, bu da analitik metodologiyaya ziddir”.

Sonda politoloq vurğulayıb ki, Şirokoradın məqaləsi Cənubi Qafqazda real təhlükəsizlik balansını izah etməkdən daha çox, Rusiyanın regiondakı əvvəlki dominant rolunun zəifləməsi ilə bağlı narahatlığını konseptual çərçivəyə salmaq cəhdidir:

“Bu yanaşma yeni geosiyasi reallıqları təhlil etmir, əksinə, onları köhnə təhlükə şablonları ilə izah etməyə çalışır. Belə mətnlər analitik dəyərdən çox, informasiya-təsir xarakteri daşıyır”.

Qiymət Mahir

tag: Cənubi Qafqaz,ABŞ,Aleksandr Şirokorad,