“Azərbaycanla heç bir problemimiz yoxdur, problem İrandır” - Putin “Valday”da mesaj verdi
Rusiya Prezidenti Vladimir Putinin “Valday” Beynəlxalq Diskussiya Klubundakı son çıxışı Ukrayna müharibəsi və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi başda olmaqla geosiyasi proseslərlə bağlı mühüm məqamları ortaya qoyub.
TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Putinin çıxışından çıxan ilk nəticə Moskva-Ukrayna müharibəsini davam etdirmək niyyətində olmasıdır. Bununla belə, Rusiya Prezidenti müharibənin ölkəsi üçün mənfi nəticələrini etiraf etsə də, guya buna başlamaqdan başqa alternativlərinin olmadığını iddia edib.
Analitik əlavə edib ki, Kreml rəhbəri çıxışı zamanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Rusiya üçün vacibliyini xüsusi vurğulayıb:
“Marşrutun Azərbaycan ərazisindən keçən hissəsində heç bir problemin olmadığını bildirən Putin Prezident İlham Əliyevlə bu məsələ üzrə əlaqə saxladığını qeyd edib. Lakin o, layihənin ləngiməsinin birbaşa İranla bağlı olduğuna işarə edərək, kredit resurslarını təmin etməyə hazır olduqlarını, lakin iranlı tərəfdaşların üzərlərinə düşən hissəni tamamlamalı olduqlarını vurğulayıb. Oxşar mövqeni daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də dilə gətirərək, dəhlizdə çatışmayan əsas dəmir yolu hissəsinin məhz İran ərazisində qaldığını bildirmişdi”.
Ekspert, həmçinin diqqətə çatdırıb ki, Avropanın sanksiyaları fonunda Hind okeanına və Hindistan bazarlarına alternativ çıxış yolları axtaran Rusiya üçün 7.2 min kilometrlik bu dəhliz həyati əhəmiyyət kəsb edir. Lakin ABŞ-İran gərginliyi və regional müharibə riskləri layihənin tam gücü ilə işə düşməsini mürəkkəbləşdirir.
Hindistanın pozisiyasına toxunan politoloq əlavə edib ki, Yeni Dehli layihənin reallaşmasında maraqlı olsa da, bunun üçün həm İran ətrafındakı gərginliyin azaldılmasını, həm də Rusiya-Ukrayna müharibəsinin tezliklə dayandırılmasını istəyir:
“Putin də öz çıxışında Hindistanın Baş naziri Narendra Modinin onunla hər görüşdə Ukrayna mövzusunu gündəmə gətirdiyini və müharibənin heç kimə fayda vermədiyini açıq şəkildə bildirdiyini təsdiqləyib. Rusiya lideri Modinin bu narahatlığından məmnun görünməməyə çalışsa da, “Valday”dakı çıxışında hindli həmkarının münaqişəyə tərəflər üçün məqbul həll yolları axtarmaq səylərini yüksək qiymətləndirdiyini bəyan edib”.
Jalə Rövşən