Zelenski prosesə açıqdır: Donbasda azad iqtisadi zonaya kim nəzarət edəcək?
Təhlil
25.12.2025 17:36
Ukrayna Prezidenti Volodimir Zelenski Donbassdan qoşunların çıxarılmasına və azad iqtisadi zona yaradılmasına açıq olduğunu bildirib, amma bunun qarşılığında Rusiya da geri çəkilməlidir. Hazırda tərəflər azad iqtisadi zonanın kimin nəzarətində olacağı məsələsində razılığa gəlməyib.
Bəs Donbasda yaradılacaq azad iqtisadi zona kimin nəzarətində olacaq?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Bədrəddin Quliyev bildirib ki, Zelenskinin mövqeyi Ukraynanın sülhə açıq olduğunu nümayiş etdirməyə yönəlib:

"Zelenski Donbasdan qoşunların çıxarılması və azad iqtisadi zonanın yaradılması ilə bağlı müzakirələrə açıq olduğunu bildirib. Lakin bu mövqe daha çox Ukraynanın ABŞ ilə aparılan danışıqlar fonunda sülh tərəfdarı olduğunu nümayiş etdirməyə yönəlib. Müzakirələr kontekstində ABŞ-də, xüsusilə Tramp administrasiyası dövründə, Putinə qarşı təzyiqlərin artırılması məqsədi ilə irəli sürülən, təxminən 20 bənddən ibarət mümkün sülh razılaşması gündəmdədir".
Onun sözlərinə görə, Ukrayna tərəfi israr edir ki, ölkənin gələcək təhlükəsizliyi NATO səviyyəsində, qarant ölkələr və parlamentlər vasitəsilə hüquqi təminat altına alınmalıdır. NATO-nun beşinci maddəsinə uyğun təhlükəsizlik zəmanətləri Kiyev üçün əsas şərtlərdən biridir. Lakin Avropa və NATO qüvvələrinin bölgəyə yerləşdirilməsi Rusiyanın razılaşmadığı və zəmanət vermədiyi maddələr sırasındadır.
Analitik qeyd edib ki, Zelenski ərazi güzəşti və birtərəfli geri çəkilməni rədd edir:

"Azad iqtisadi zona, qoşunların çıxarılması və ərazi məsələləri ilə bağlı Zelenski Ukrayna ərazilərinin verilməsi və ya birtərəfli geri çəkilmə ilə razılaşmır. Kiyevin mövqeyinə görə, əvvəlcə Rusiya qüvvələri işğal olunmuş ərazilərdən çıxmalı, tərəflər təhlükəsiz zona yaratmalı, yalnız bundan sonra iqtisadi mexanizmlər müzakirə edilə bilər. Bu cür qərarlar Ukrayna Konstitusiyasına uyğun hüquqi baza və mümkün referendum tələb etdiyindən, prosesin uzanması Rusiya tərəfindən qəbulolunmaz sayılır".
Politoloq vurğulayıb ki, Ukrayna seçkiləri gözləyir:
"ABŞ kəşfiyyatı və beynəlxalq maliyyə qurumlarının hesablamalarına əsasən, Rusiyanın maliyyə ehtiyatları 3–6 ay ərzində ciddi təzyiq altına düşə bilər. Proseslərin uzadılması, seçki mövzusunun gündəmə gətirilməsi isə vaxtın 6–9 ay uzanmasına səbəb ola bilər. Ukrayna tərəfi hesab edir ki, Tramp administrasiyasının iqtisadi maraqlara əsaslanan yanaşması və bəzi razılaşma bəndləri Kiyev üçün faktiki kapitulyasiya riski yarada bilər. Bu səbəbdən Ukrayna ABŞ-də Konqres və Senat seçkilərinin nəticələrini gözləməyi üstün tutur".
B.Quliyev onu da qeyd edib ki, ABŞ-də Ukrayna məsələsində mövqelər fərqlidir:

"ABŞ daxilində də Ukrayna məsələsinə yanaşmada fərqli mövqelər mövcuddur. Mark Rubio daha çox hüquqi və institusional yanaşmanı müdafiə etdiyi halda, Tramp–Vens xətti proseslərin sürətləndirilməsinə və iqtisadi maraqlara önəm verir. Bu fərqlilik Respublikaçılar arasında parçalanma yaradıb. Eyni zamanda Ukraynanın Rusiyanın enerji infrastrukturu, hərbi sənaye kompleksi və Qara dəniz regionundakı obyektlərinə endirdiyi zərbələr müharibənin dinamikasını dəyişib".
Ekspert hesab edir ki, Zelenski mövcud mərhələdə diplomatik manevr edir, prosesləri cəmiyyət üçün açıq saxlayır və Avropanın təhlükəsizliyi məsələsini gündəmdə tutur. Avropa İttifaqının 2026–2027-ci illər üçün maliyyə dəstəyi, yeni texnologiyalar və hərbi büdcələrin artırılması müzakirələri Ukraynanın mövqeyini gücləndirir.
Politoloq sonda əlavə edib ki, bu şəraitdə Ukrayna tərəfi formal olaraq sülh tərəfdarı kimi çıxış etsə də, real proseslərdə hərbi və siyasi üstünlüyü möhkəmləndirməyə çalışır. Mövcud gedişat göstərir ki, yaxın perspektivdə proseslər sülhdən daha çox müharibənin daha ağır mərhələsinə keçid ehtimalını artırır.
Jalə Rövşən
tag: Bədrəddin Quliyev,Politoloq,Zelenski,Proses,Todaypress.tv,
