Zelenski nəyə imza atacaq? - Əbu-Dabidə kritik görüş!

Təhlil

23.01.2026 14:31

ABŞ lideri Donald Tramp Ukrayna ilə anlaşmanın hazır olduğunu, Ukrayna Prezidenti Volodimir Zelenskinin isə onu imzalamağa razılaşdığını bildirib.

Maraqlıdır, tərəflər arasında hansı əsas kompromislər gözlənilir?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Ukrayna mürəkkəb vəziyyətdədir:


"Hazırda Ukrayna üçün olduqca mürəkkəb bir situasiya yaranıb. Çünki Amerika Birləşmiş Ştatları Rusiyanın mövqeyini dəstəkləyir, yəni Ukraynaya dəstəkdən imtina edərək Rusiya ilə ortaq mövqedən çıxış edir. Eyni zamanda ABŞ açıq təzyiq göstərərək Ukraynanın Avropadakı müttəfiqlərini də küncə sıxışdırır. Bu isə Avropanın Ukraynaya dəstəyinin zəiflədiyini göstərir".

Analitik hesab edir ki, Ukrayna güzəştlərə məcburdur:

"Mövqeləri möhkəmlənən Rusiya Ukraynaya daha ağır zərbələr endirməyə çalışır. Belə vəziyyətdə Ukraynanın müəyyən güzəştlər etməsi qaçılmaz görünür. Bu baxımdan böyük ehtimalla Tramp administrasiyası Ukrayna savaşının dayandırılması üzrə sülh prosesində müəyyən nəticələr əldə edə bilər. Lakin bu, ilk növbədə Ukraynanın maraqlarına zidd olan bir sülh sazişi olacaq".

Bölgədə dəyişiklik yalnız Avropa və ABŞ dəstəyi ilə mümkündür:

"İndiki vəziyyətdə Zelenski hakimiyyəti Ukraynanın daha böyük itkilərlə üzləşməməsi üçün belə bir sülh sazişi ilə razılaşmaq məcburiyyətində qalmış kimi görünür və əgər situasiya eyni qaydada davam edərsə, yaxın vaxtlarda bu saziş imzalanacaq. Proses yalnız o halda dəyişə bilər ki, Avropa ölkələri həm Rusiyaya müqavimət göstərərək Ukraynaya dəstəyi əvvəlki səviyyəyə qaldırsınlar, həm də ABŞ-nin Ukrayna üçün mənfi mövqeyinə qarşı durmağa cəsarət etsinlər". 

Jalə Rövşən

TodayPress TV

tag: Elçin Xalidbəyli,Politoloq,Rusiya,Ukrayna,Todaypress.tv,