“Xarici düşmənlər” haqda yalanlar buna xidmət edir – Ramiz Yunusdan MÜHÜM ÇAĞIRIŞ
Təhlil
16.01.2026 16:09
“Əgər dövləti ağılla ölçmək mümkün deyilsə, onu qanla ölçməyə başlayırlar. Bu gün bu bədəl Ukrayna vətəndaşlarının həyatı, dağıdılmış şəhərləri, qaranlıq və soyuq bahasına ödənilir”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb.
O, 1866-cı ildə rus ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Tyutçev Rusiyanı rasional meyarlarla anlamağın mümkünsüzlüyünü ifadə edən məşhur misralarını xatırladıb:
“Ağılla Rusiyanı anlamaq olmaz,
Ümumi arşınla ölçmək mümkün deyil…”
Ramiz Yunusun sözlərinə görə, aradan təxminən 160 il keçməsinə baxmayaraq, Rusiyanın mahiyyəti dəyişməyib:
“İmperiyalar dağıldı, Sovet İttifaqı süqut etdi, azadlığa ümid yarandı. Lakin bu gün XXI əsrdən — Ukraynadan, Avropadan, okeanın o tayından baxanda hiss olunur ki, Rusiya hələ də yerində sayır”.
Analitik bildirib ki, vaxtilə Rusiyada yaşaması və təhsil alması onun bu ölkənin taleyinə biganə qalmasına imkan vermir:
“Puşkinin və Tolstoyun, Çaykovskinin və Dostoyevskinin ölkəsinin yenidən qorxu, dağıntı və ölüm mənbəyinə çevrilməsi xüsusilə ağrılıdır. Bu gün artıq birbaşa suallardan yayınmaq mümkün deyil”.
Ramiz Yunusun fikrincə, əsas suallar cavabsız qalır:
“Niyə 1990-cı illərin əvvəlində azadlığı seçmiş Rusiya yenidən avtoritarizmə yuvarlandı? Niyə sovet qaranlığı, güc kultu və yalan geri qayıtdı? Niyə dünya yenidən soyuq müharibə mərhələsinə daxil oldu?”.
Professorun sözlərinə görə, XXI əsrdə Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlar tarixi analoqlarla müqayisə olunmalıdır:
“Rusiya məqsədli şəkildə Kiyevi və digər şəhərləri bombalayır, mülki infrastrukturu məhv edir. Qışda milyonlarla insan işıqdan, sudan və istilikdən məhrum edilir. Uşaqlar, qadınlar, qocalar soyuğa və ölümə məhkum olunur. Bu, Hitlerin dövründə faşistlərin tətbiq etdiyi metodlardan nə ilə fərqlənir?”
Ramiz Yunus qeyd edib ki, “xarici düşmənlər” haqqında davamlı yalan axını, isterik antiamerika və antiqərb təbliğatı yalnız bir məqsədə xidmət edir:
“Bu təbliğat öz zorakılığına bəraət qazandırmaq üçündür. Sovet İttifaqının dağılmasından sonrakı 35 ilin təhlili artıq kifayət qədər material verir. Akademik baxımdan yekun nəticələr üçün zaman hələ tam yetişməsə də, Vladimir Putinin rəhbərliyi altında Rusiyanın hansı istiqamətdə hərəkət etdiyi aydın görünür. Rusiya faktiki olaraq sovet idarəçilik modelinə geri dönüb. Repressiyalar, total təbliğat və ideoloji emal yenidən əsas alətə çevrilib. 1917-ci ilin oktyabrı imperiya ənənələrini dağıtmadı, əksinə, onları daha qəddar formada möhkəmləndirdi. Rusiya öz tarixinin qaranlıq səhifələri ilə heç vaxt üzləşməyib. Çar ailəsinin güllələnməsi, qırmızı terror, vətəndaş müharibəsi, qolçomaqların məhv edilməsi, xalqların deportasiyası, Holodomor, 1930-cu illərin repressiyaları - bunların heç biri dürüst şəkildə dərk edilməyib. Məhz buna görə Rusiyanın özünü necə görməyi ilə dünyanın onu necə gördüyü arasında dərin uçurum yaranıb”.
Professor əlavə edib ki, Molotov–Ribbentrop paktı, Avropanın bölüşdürülməsi, Baltikyanı ölkələrin, Qərbi Ukraynanın və Belarusun anneksiyası, Finlandiya ilə müharibə Rusiyaya qarşı tarixi etimadsızlığın əsas səbəbləridir:
“Bu etimadsızlıq situativ deyil, tarixi xarakter daşıyır. Rusiyanın sivil dünya ilə anlaşması yalnız bir şərtlə mümkündür. Rusiya öz Nürnberqindən keçməlidir - təkcə stalinizmə görə deyil, həm də formal müstəqillik dövründə törədilmiş cinayətlərə görə”.
Siyasətçi 2014-cü ildə Krımın anneksiyasını və 24 fevral 2022-ci ildə başlayan genişmiqyaslı müharibəni xüsusi vurğulayıb:
“Bu gün bütün dünyanın gözü qarşısında Ukraynanın mülki infrastrukturu və dinc əhalisi sistemli şəkildə məhv edilir”.
Ramiz Yunus bildirib ki, bu çağırış yalnız ukraynalılara deyil, ABŞ-yə və Avropaya da aiddir:
“Tarixi miqyasda bir cinayət onların gözü qarşısında baş verir. Eyni zamanda bu sözlər rusların özünə də ünvanlanır. “Qardaş xalq”dan danışıb onu raketlərlə öldürmək mümkün deyil”.
Professor xüsusilə xaricdəki rus liberal müxalifətinə toxunaraq vurğulayıb:
"Tarix neytrallığı tanımır və həmişə soruşur: insanlar öldürüləndə sən harada idin?”
Ramiz Yunus çıxışını britaniyalı yazıçı Corc Oruellin məşhur fikri ilə yekunlaşdırıb:
“Azadlıqla təhlükəsizlik arasında seçim edən xalq, sonda hər ikisini itirir”.
Qiymət Mahir
tag: Ramiz Yunus,Politoloq,Xarici düşmənlər,Çağırış,Todaypress.tv,
