Xaçatryan Davosda danışdı: Azərbaycan- Ermənistan sərhədi nə vaxt açılacaq?
Təhlil
21.01.2026 13:28
Ermənistan Prezidenti Vaaqn Xaçatryan Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısında Azərbaycanla sərhədlərin açılacağına və münasibətlərin normallaşacağına inamını ifadə edib.
Bəs, bu proses hansı müddətdə baş verə bilər?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Şakir Ağayev bildirib ki, Ermənistan prezidenti sərhədlərin açılacağına inanır, sülh isə Azərbaycanın təşəbbüsündən asılıdır:

"Yanvarın 20-də Ermənistan prezidenti Azərbaycanla münasibətlərə, sülh prosesinin gedişinə və sərhədlərin açılacağına inandığını vurğulayıb. Bildiyiniz kimi, proseslər təbii olaraq bu istiqamətdə gedir. Azərbaycan prezidenti də qeyd edib ki, artıq Ermənistanla Azərbaycan sülh şəraitində yaşayır. Ermənistanın 30 illik işğalına son qoyulduqdan sonra regionda sülh və sabitlik bərpa olunub. Lakin sərhədlərin hansı müddətdə açılacağı Ermənistandan asılı məsələdir. Azərbaycan tərəfi tərəfindən bütün addımlar atılır ki, 44 günlük müharibə və antiterror əməliyyatından sonra regionda yaranmış yeni reallıq və sülh şəraiti daha tez möhkəmlənsin".
Analitik qeyd edib ki, Azərbaycan qalib ölkə olmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edib. Avqustun 8-də Amerika Birləşmiş Ştatlarında keçirilən görüşdən sonra sülh sazişinin paraflanması baş verib. Həmin görüşdə iki əsas şərt irəli sürülmüşdü: ATƏT-in Minsk qrupunun ləğv olunması və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması. Birinci şərt artıq həyata keçirilib, ikinci şərt isə hələ də qalır.
Ekspertin qənaətincə sərhədlərin açılması üçün müəyyən proseslərdən keçmək lazımdır:
"Ermənistan tərəfi istəyirsə ki, bu proses daha tez baş tutsun, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da yaxşı bilir: Ermənistan Konstitusiyasında dəyişiklik edilməli, Azərbaycana qarşı ərazi iddiaları oradan çıxarılmalı və Azərbaycan tam əmin olmalıdır ki, Ermənistan heç vaxt yenidən işğalçı niyyətlərə düşməyəcək. Bu proses baş verdikdən sonra Azərbaycan–Ermənistan sülh müqaviləsi imzalanacaq. Sülh müqaviləsi bağlandıqdan sonra isə sərhədlər açılacaq, ölkə başçımızın qeyd etdiyi kimi, həm Azərbaycanla, həm də Türkiyə ilə diplomatik münasibətlər bərpa olunacaq. Bu, yalnız sülh müqaviləsinin imzalanmasından sonra mümkün ola biləcək bir prosesdir".
Jalə Rövşən
tag: Şakir Ağayev,Siyasi ekspert,Xaçatryan,Davos,Todaypress.tv,
