Viza verildi, qapı açıldı: Vaşinqton Tehranı tələyə salır, yoxsa sülhə?
ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkian ilə Nyu-Yorkda görüş keçirilə biləcəyini istisna etməyib.
Dövlət başçısı qeyd edib ki, o, BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Pezeşkianla görüşməyə hazırdır.
Bəs iki lider arasında görüşün baş tutması nə dərəcədə real görünür?
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov TodayPress TV-yə danışarkən bildirib ki, Trampın Pezeşkianla görüşməyə açıq olduğunu bildirməsi Vaşinqton-Tehran münasibətlərində diqqətçəkən diplomatik siqnal kimi qiymətləndirilə bilər.

Ekspertin fikrincə, bu açıqlama ABŞ və İran arasında hərbi qarşıdurmanın davam etdiyi, eyni zamanda tərəflərin münaqişənin dayandırılması üçün fasilələrlə təmas saxladığı bir vaxtda səslənib.
Onun sözlərinə görə, görüşün baş tutması texniki baxımdan kifayət qədər realdır:
“Pezeşkianın rəhbərlik etdiyi İran nümayəndə heyətinə ABŞ tərəfindən BMT Baş Assambleyasına qatılmaq üçün viza verilməsi artıq Vaşinqtonun belə bir təmasa ən azı diplomatik imkan yaratdığını göstərir. Dövlət Departamenti bu qərarı BMT-nin yerləşdiyi ölkə kimi ABŞ-nin öhdəlikləri ilə əlaqələndirsə də, İran Prezidentinin Nyu-Yorkda olması iki lider arasında potensial görüş üçün praktiki şərait yaradır”.
Analitik əlavə edib ki, görüşün reallaşması ilə onun nəticə verməsi eyni məsələ deyil. Hazırda tərəflərin mövqeləri arasında ciddi ziddiyyətlər qalır. Vaşinqton Tehrandan konkret razılaşma gözləyir və Tramp son açıqlamalarında diplomatik anlaşma ilə yanaşı, iqtisadi təzyiq və hərbi eskalasiya variantlarının da nəzərdən keçirildiyini bildirib. İran isə hərbi təzyiq altında danışıqlar aparmağa ehtiyatla yanaşır və münaqişənin dayandırılması ilə bağlı öz şərtlərinin olduğunu bildirir.

Siyasi şərhçi həmçinin vurğulayıb ki, məhz mövcud gərginlik görüşün əhəmiyyətini artırır. Birbaşa liderlər səviyyəsində təmas tərəflərə vasitəçilərin ötürdüyü mesajlardan daha aydın şəkildə qarşı tərəfin mövqeyini anlamaq imkanı verə bilər. Əgər görüş baş tutarsa, əsas müzakirə mövzularının atəşkəs, hərbi əməliyyatların gələcəyi, İranın nüvə proqramı, sanksiyalar, enerji və Hörmüz boğazında təhlükəsizlik məsələləri ətrafında formalaşması gözlənilir. Hazırda münaqişənin enerji ixracına və beynəlxalq gəmiçiliyə təsiri də Vaşinqtonu və region ölkələrini diplomatik həll axtarmağa sövq edən amillərdəndir.
“Digər tərəfdən, Trampın görüşə hazır olduğunu bildirməsini də biz avtomatik olaraq Vaşinqtonun İranla genişmiqyaslı kompromisə getməyə hazır olması kimi qəbul edə bilmərik. Eyni şəkildə, Pezeşkianın Nyu-Yorkda olması da hələ Tehran tərəfindən danışıqlara razılıq verilməsi demək deyil. İran hərbi rəhbərliyi yeni ABŞ hücumu halında sərt cavab veriləcəyi barədə xəbərdarlıq edir və bu, siyasi dialoqla paralel olaraq hərbi təzyiqin də davam etdiyini göstərir”, - deyə politoloq izah edib.
R. Bayramov sonda bildirib ki, Tramp–Pezeşkian görüşünün reallaşması hazırkı mərhələdə mümkün olsa da, görüşün yekun razılaşmaya çevriləcəyini demək mümkünsüzdür.
Aysel Mətləb