Vens Bakıya gəlir: Gündəmdə nələr olacaq ?

Təhlil

24.01.2026 14:19

ABŞ vitse-prezidenti Ceyms Devid Vens fevral ayında  Azərbaycana və Ermənistana səfər edəcək.  Bəs səfərdən  gözləntilər nələdir? 

Mövzunu politoloq Şakir Ağayev TodayPress TV-yə şərh edib.


Onun sözlərinə görə, Vensin səfəri ABŞ-nin regionda sülh və normallaşmaya marağını göstərir: 

"Sözsüz ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin regiona səfəri regional maraqlardan irəli gəlir. Bilirik ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın birbaşa iştirakı ilə Azərbaycan və Ermənistan arasında  sülh sazişi paraflanıb. Bundan sonra iki ölkə arasında blokada demək olar ki, yavaş-yavaş aradan qaldırılıb və iqtisadi əlaqələr bərpa olunur. Həmin dövrdə ATƏT-in Minsk qrupu ləğv edilib, bu, Azərbaycanın birbaşa tələbi və istəyi ilə həyata keçirilib".

Analitik qeyd edib ki, Zəngəzur dəhlizi, TRIPP layihəsi üzrə  artıq praktiki addımlar atılır: 

"Bu, regiona ABŞ-nin birbaşa marağını göstərir. Eyni zamanda, Azərbaycana qarşı haqsızlıqla qəbul olunmuş 907-ci düzəliş dondurulub və ümid edilir ki, yaxın gələcəkdə tamamilə ləğv edilə bilər. Vensin səfəri bu məsələnin sürətlənməsinə dəstək verə bilər".

Ş. Ağayev sonda vurğulayıb ki, Azərbaycan və Ermənistan sülhə doğru yaxınlaşır:

"Bütün bunlar Azərbaycan və Ermənistan arasında real sülh sazişinin bağlanmasına, regionda Azərbaycanın yaratdığı sülh və sabitliyin möhkəmlənməsinə, həmçinin normallaşma prosesinin sürətlənməsinə xidmət edir. Sonda isə Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması daha da yaxınlaşa bilər. Hər halda, Vens Donald Trampın komandasında prezidentə birbaşa təsir imkanına malik mühüm simalardan biridir".

Jalə Rövşən

TodayPress TV

tag: Şakir Ağayev,Siyasi ekspert,Vens,Bakı,Səfər,Todaypress.tv,