Türkiyəli ekspert: "Türk bayrağına uzanan əllər cavab verəcək!"
Təhlil
22.01.2026 18:08
“Türkiyədə uzun müddətdir şahid olmadığımız hadisələr baş verdi".
Bunu TodayPress TV-yə türkiyəli politoloq Ali Satan deyib.
Onun sözlərinə görə, bu olaylar təkcə Türkiyə ilə məhdudlaşmır. PKK–SDG terror qruplaşmalarının tərəfdarı olan qruplar Avropa da daxil olmaqla bir çox ölkədə həddindən artıq aqressiv aksiyalar keçirdilər. Bu nümayişlər həmin təşkilat ətrafında yaradılan ümid və gözləntilərin necə dərin məyusluğa çevrildiyi ilə bağlıdır.
Analitik qeyd edib ki, PKK–SDG terror qruplarının nümayişləri böyük məyusluğu ortaya qoyur:
"İlk növbədə, ABŞ və Avropa mediası da daxil olmaqla bir çox media qurumunun Suriyadakı PKK–SDG terror qruplaşmalarını azadlıq carçıları kimi təqdim etməsi böyük səhv idi. Bu qurum terror təşkilatından başqa bir şey deyil. Artıq işğal etdikləri ərazilər azad edildikcə, mülki əhalinin hansı əzabları yaşadığı da üzə çıxır".
Ekspert hesab edir ki, digər bir yanlış isə ABŞ-nin dəstəyi ilə çox güclü bir ordunun yaradıldığı iddialarının həqiqətə uyğun olmaması idi. Bunun böyük bir yalan olduğu aydınlaşdı. Bu səbəbdən "PKK"–"SDG" simpatizanları mənasız gözləntilərə qapıldılar və baş verən daşqın xarakterli aksiyalar da bunun əks-sədasıdır.
A.Satan həmçinin vurğulayıb ki, türk bayrağının endirilməsi, əlbəttə ki, qəbuledilməz və açıq-aşkar təxribat xarakterli bir əməldir:
"Türk dövləti və Türk milləti böyük təcrübəyə malikdir və sağlam düşüncə ilə hərəkət edir. Bu cinayətə qarışanları müəyyən edib ədalət qarşısına çıxaracaq gücə sahibdir. Proses artıq başlayıb, saxlanılan şəxslər məhkəmə qarşısında cavab verəcək və ədalətin qərarı icra olunacaq".
Politoloq bildirib ki, dünyada və bölgəmizdə çox mühüm proseslərin getdiyi bir dövrdə ağıllı və təmkinli davranmaq, terrorçuların hərəkət və çağırışlarına aldanmamaq lazımdır.
"Sonda bir həqiqət də ortaya çıxıb ki, bir terror təşkilatına qarşı başqa bir terror təşkilatından istifadə etmək böyük səhvdir. ABŞ-nin İŞİD-ə qarşı bəslədiyi "SDG" ilk fürsətdə "İŞİD" üzvlərini həbsxanalardan azad etdi. Düşünürəm ki, bu fakt hər kəs üçün ciddi dərs olmalıdır",- A.Satan fikrini sonlandırıb.
Qeyd edək ki, Mardin vilayətinin Nusaybin rayonunda bir qrup şəxs sərhəddəki Türkiyə bayrağını endirib. Hadisə Suriya tərəfdəki vəziyyətə etiraz məqsədilə keçirilən nümayişdən sonra baş verib.
Jalə Rövşən
tag: Ali Satan ,Türkiyə ,Bayraq ,Sərhəd,Todaypress.tv,
