Türkiyədə başlayan hicab şousunun arxasındakı hədəf: Azərbaycan!
Növbəti dəfə türk sosial şəbəkələrini anti-Azərbaycan nifrəti bürüyüb. Ölkə rəhbərinə qarşı başladılan sitsemli hücumlar, onları paylaşan sosial media səhifələri ölkəmizin seqmentində çağlamaqdadır.

Eynən bir həftə əvvəl, antiterror əməliyyatlarının üçüncü ildönümündə bütün Azərbaycan seqmentini erməni payaşımları necə istila etmişdisə, növbəti dəfə Türkiyədən idarə olunan bot və real hücumlarla qarşı-qarşıya qalmaqdayıq.
Ortadakı faktın əcaibliyi ondandır ki, Ermənistana aid addımlar hardasa başadüşüləndir, amma ondan dərhal sonra başörtüsü adı altında ölkə rəhbərinin hədəfə alınması iki fərqli ölkənin, amma birinin düşmən, digərinin qardaş olması faktını da nəzərə alsaq, ya ortada sinxron və davamlı hücum xətti birləşir, ya da eyni dalğadan başlayan hücumun hədəfində konkret Azərbaycan dövlətçiliyinə düşmənlik dayanır.

Azərbaycanda konstitusiya istənilən dünyagörüşünü, seçilmiş, yaşam formalarının sərbəstliyini qəbul edir, lakin bu coğrafiyanın başına örtdüyü reallıq niqab, çadra, hicab arxasından boylanan məqsədlərdən daha kəskindir. Şübhəsiz ki, etiqad azadlığına hörmət edərək, bu yazıda hansısa ciddi sinir ucuna, qıcıqlandıran ifadələrə yer vermək istəməzdim, lakin bizim spesifikamıza və qonşu ölkələrin, Şərqin vəziyyətinə baxdıqda dövlətin nəyi düz, nəyi səhv etdiyini müzakirə etməyin belə nə qədər səhv və absurd olduğunu görürük.
Dini atributların geyimlə, geyimin dinlə əlaqəsi olması və ya olmamasını iddia etmək kimi uzun -uzadı müzakirələrin mövzusu da deyil. Amma ortada ciddi bir sübut var.
Artan dini təmayülləri, güclənən təriqətlərin fəaliyyətini daha da genişləndirib, körpə uşaqların səviyyəsinə qədər, təhsilə, orta məktəbin dəhlizlərinə qədər soxmaq ölkənin dünyəviliyinə, konstitusion quruluşuna gələcəkdə böyük təhlükə üçün münbit imkanların yaradılmasıdır.
Bəli, din siyasiləşəndə, kütləviləşəndə, onun buyurduğu şəriət qaydalarında yaşamağa başlayanda ölkənin ana qanununu orta əsrlər ərəb, bədəvi təfəkkürünün məhsullarına qurban verilməsinə gətirib çıxarır.

Şübhəsiz ki, dini inancdan istifadə edənlərin sayəsində o böyük bir kütləni yaşadığı dövlətə qarşı manipulyasiya alətinə çevirərərək, yekunda radikal, fundamentalist, terrorçu və s. yetişdirməyə nail ola bilirlər.
Günümüzdə sözümüzü təsdiq edən İran agenturasının din, hicab, şiəlik adı altında təşkil edib, yaratdığı hücrələrin mövcudluğudur. Və bu manyak kütlə elə bir qatı fanatizmi mənimsəyib ki, İranın Azərbaycana qarşı diversiyalarında açıq-aşkar aid olduqları dövləti çox rahatca satdılar. Eyni şey, Türkiyə və Səudiyyə və digər qərb mənşəli sektaların da fəaliyyətinə aid demək olar.
O baxımdan ölkəni və gələcəyi dinin, ondan böyük qazanclar və istifadə etməyə can atan güclü transmilli maraqların qucağın atmaq olmaz. Azərbaycan Əfqanıstan, İran, Suriya, Livan və s. ola bilməz və olmamalıdır. Bizim uğurlarımız gözəl ölkədə multikulturalizmi inşa etməkdə idi. Şərqin ən mədəni, kültürlü, musiqili, elmli, elitliyi ilə seçilən Azərbaycanı qorumaq və müdafiə etmək lazımdır.
Din evdən çıxmadıqca normal yaşam qaydasıdır, o təbliğata çevrilib, məsciddən küçərlərə, məktəblərə girəcəksə, bu, fanatizmdir və fanatizm isə ölkəmizin əbədi məhvi deməkdir.
O ki, qaldı digər məsələyə, bəli, Baş nazirin imzaladığı qərarlara görə orta məktəbdə vahid məktəbli formalarının istifadəsi qaydası təsdiq edildi və icrasına başlanılacaq.
Orta məktəbdə oxuyanı bioloji-fiziki mərhələlərə bölmədən deməliyik ki, uşaqdır.

Uşaq formalaşmalıdır, seçimini özü etməlidir, məktəb ona bu yolda ən böyük istiqamət verəndir. O bu işıqla dünyanın yaranışını, elmi, fizikanı, kainatı, qanunları öyrənir, qane olmayacaqsa, suallarını – “eqo” təsdiqini tapmayacaqsa, zatən seçimində sərbəst olacaq. Amma bu ağ səhifələri qaralamağa, çirkləndirməyə və yönləndirməyə çalışan kütlə o qədər ehtizaza gəlib ki, başa düşülən deyil.
Günümüzü tənqid edirlər, amma toplum olaraq yüz il əvvəlki Azərbaycan maarifçilərinin apardığı mənəvi – ideoloji savaşa, yaratdıqları irsə hörmətsizlik edirlər.
İndi elə bu günlərdə prezident İlham Əliyev dini liderlərlə görüşündə islam həmrəyliyinin vacibliyini önə sürdü və dünyadakı islamafobiyanı sərt tənqid etdi.
Belə bir baxışlara sahib olan dövləti və rəhbərini bu gün Ermənistandan dərhal sonra Türkiyədə ittiham edilməsi anlaşılan deyil.
Elə bu günlərdə gərginləşən geosiyasi abu-havada üç ölkə ordularının təlimi başladı - Azərbaycan – Özbəkistan – Türkiyə hərbçiləri güc nümayiş etdirir, türk kimliyinin qüdrətini dünyaya nümayiş etdirirlər.
Lakin qardaş ölkəmizdə necəsə Azərbaycan dövlətçiliyinə qarşı başlayan hücumlara dur deyən yoxdur. Bu, necə başa düşülməlidir?
Axı dövlət istəsə çox rahat formada paylaşımlara dur deyə bilər və anti-Azərbaycan təbliğatını sonlandırar. Biz isə günü-gündən kütləviləşən, düşmənləşdirilən Azərbaycan görməkdəyik.
Nə baş verir, əziz qardaşlar?
Yoxsa qardaşımız bizi özünün KKTC-si gözündə görür, yoxsa bu qaragüruhun fəaliyyəti ilə bizə güc göstərirlər?
Və ya necə ola bilər ki, İran mediasında bu barədə Azərbaycanı ittiham edən çox az sayda mövqe varkən, orda nələr yaşanır?
Azərbaycanın daxili işlərinə qarışmaq, seçimlərinə hörmət etməmək kimi iddialı fikirlər, mövqelər kimin təşəbbüsü və addımıdır?
Biz türklərlə etnik bağ daşıyırıq, strateji müttəfiqik, qardaşıq, eyniyik, amma tariximizin Çaldıran kimi acı səhifələri də var. Ona görə bizi birləşdirən şeydən yapışaq deyirik, bizi ayıran məsələlərin isə artıq 600-dən çox yaşı var.
Bir daha səhv etməyə təhəmmülümüz yoxdur. Son yüz ildə Bakı çöllərində və Çanaqqalada iki xalq bir-biri üçün şəhid olmuşkən, birləşdirən dəyərlərə sahib çıxaq, inancı şəxsi saxlayaq və dini din olaraq qoruyaq...
Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı