Trampın yeni hədəfi: Somali ABŞ-nin yeni poliqonuna çevriləcək?
Təhlil
21.01.2026 17:31
ABŞ Prezidenti Donald Tramp Somali barədə tənqidi fikirlər səsləndirərək onu dövlət kimi qəbul etmədiyini bildirib və ölkəni korrupsiyalaşmış, hökumətsiz və geridə qalmış adlandırıb.
Maraqlıdır, bu açıqlamalar fonunda Somalini nə gözləyir?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, Trampın Somalini tənqid etməsi ABŞ-nin regional maraqları ilə bağlıdır:

"Son vaxtlar Donald Trampın tənqid hədəfinə çevrilən ölkələrdən biri də Somalidir. Tramp Somalini tənqid edərək ölkədə ciddi problemlərin mövcud olduğunu bildirib, hətta onun dövlət kimi formalaşmadığını da iddia edib. Şübhəsiz ki, bu cür açıqlamaların müəyyən səbəbləri var və Tramp təsadüfi bəyanatlar səsləndirmir. Bu fikirləri ABŞ–Somali münasibətləri və Amerika maraqları kontekstində dəyərləndirmək olar".
Analitik qeyd edib ki, Somalinin mövqeyi və resursları Trampın tənqidinə səbəb olub:
"Ümumilikdə, Somali ilə bağlı son dövrlərdə bir sıra ciddi məsələlər gündəmdədir. Xüsusilə ölkənin bir hissəsi olan Somalilandın ayrılmaq cəhdləri, İsrail tərəfindən tanınması ilə bağlı müzakirələr və Trampın son açıqlamaları təsadüfi deyil. Somali həm zəngin resurslara malik ölkədir, həm də mühüm ticarət yolları üzərində yerləşir. Məlum olduğu kimi, hazırda Türkiyənin, eləcə də ölkəmizin Somali ilə yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Görünür, müəyyən geosiyasi və strateji məqamlar Trampı bu mövqeni səsləndirməyə vadar edib".
Ə.Mustafa əlavə edib ki, yaxın vaxtlarda bu açıqlamaların əsl məqsədlərinin aydınlaşacağı gözlənilir. Hər halda, hazırkı mərhələdə Somalini ciddi təhlükənin gözlədiyini düşünmürəm. Böyük ehtimalla, Trampın bu mövzu ilə bağlı daha davamlı açıqlamaları olacaq və həmin zaman konkret məqsədlər də üzə çıxacaq.
Jalə Rövşən
tag: ABŞ,Tramp,Somali,Əli Mustafa,Todaypress.tv,
