Tramp rüsum tətbiq etdi: Azərbaycanı nə gözləyir?
Təhlil
13.01.2026 16:56
“ABŞ-nin İrana qarşı iqtisadi təzyiq yolunu seçməsi hərbi müdaxilə variantının hələlik gündəmdə olmadığını göstərir”.
Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, ABŞ tərəfindən tətbiq olunacağı açıqlanan 25 faizlik rüsum İranla əməkdaşlıq edəcək bütün ölkələrə istisnasız şəkildə şamil edilir:
“Bu rüsumdan hansısa ölkənin kənarda qalacağı ilə bağlı hər hansı məlumat yoxdur. Lakin məsələnin əsas incəliyi ondan ibarətdir ki, sözügedən rüsum birbaşa İranla əməkdaşlığa görə ABŞ ilə bağlanılacaq sövdələşmələrə tətbiq ediləcək”.
Azər Qasımovun sözlərinə görə, Azərbaycanın ABŞ ilə əməkdaşlıq dairəsi İranla müqayisədə daha məhduddur və bu amil rüsumun mümkün təsirlərini minimuma endirir:
“Bu baxımdan düşünmək olar ki, 25 faizlik rüsumun Azərbaycan üçün ciddi iqtisadi nəticələri olmayacaq”.
Ekspert hesab edir ki, mövzunun siyasi tərəfi iqtisadi tərəfdən daha böyük əhəmiyyət daşıyır:
“Azərbaycan və ABŞ arasında formalaşmış siyasi münasibətlərin mahiyyəti bu əlaqələri İrana qurban verəcək qədər önəmlidir. Bu məsələdə Azərbaycan və İran arasında şəxsi xarakterli hər hansı problem olmamalıdır. Azərbaycanın ABŞ-nin tələblərinə riayət etməsi İranı qıcıqlandırmamalıdır”.
Analitik vurğulayıb ki, İran və ABŞ arasındakı ziddiyyətlər iki ölkənin öz daxili məsələsidir:
“İran və ABŞ öz problemlərini özləri həll etməlidirlər. Azərbaycan isə bu mərhələdə gözləmə mövqeyi seçməlidir. Beynəlxalq müstəvidə hansı davranış modeli formalaşacaqsa, Azərbaycan da həmin xəttə uyğun davranmalıdır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə 25 % rüsum tətbiq olunduğunu elan edib.
"İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ ilə istənilən növ sövdələşmələr üçün 25 % rüsum ödəyəcək", - deyə o, “Truth Social” hesabındakı paylaşımında bildirib.
Tramp qərarın dərhal qüvvəyə mindiyini və yenidən baxılmayacağını vurğulayıb.
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Tramp,Azərbaycan,Todaypress.tv,
