Tehran uçurumun astanasında: Etirazlar rejimi devirəcək?

Təhlil

05.01.2026 16:28

İranda keçirilən etiraz aksiyaları silahlı qarşıdurma mərhələsinə keçib. Məlumata görə, etirazçılar şəhərlərin girişlərində yanan barrikadalar qurur, bəzi qruplar isə avtomat silahlarla silahlanıb. Ölkənin cənub-qərbində atışma səsləri eşidilir, Əhvazda mülki şəxslərin yaralandığı bildirilir. Yanğınlar təhlükəsizlik qüvvələrinin hərəkətini çətinləşdirib, Mehəllat şəhərində polis postu və avtomobili yandırılıb. İlam vilayətində etirazçının dəfni zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirilib.  

Maraqlıdır, İrandakı etirazlar nə ilə nəticələnəcək?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki,  İranda silahlı qarşıdurmanın genişlənməsi ehtimalı zəifdir:


"Çünki silahlı qarşıdurma və etiraz aksiyalarının silah yolu ilə hakimiyyəti devirməyə cəhd etməsi təbliğatı birbaşa rejimin xeyrinə işləyər. Ola bilər ki, müəyyən siyasi və ya ənənəvi silahlı qruplaşmalar bu proseslərdən istifadə edərək rejimə və ya ayrı-ayrı rejim nümayəndələrinə qarşı lokal addımlar atsınlar, lakin bunun genişmiqyaslı xarakter alması ehtimalı zəifdir".

Analitik qeyd edib ki, hazırda hakimiyyət etirazları idarə edir və xarici müdaxilə riski də var:

"Hazırda hakimiyyət əleyhinə şüarlar səslənsə də, rejim — xüsusilə SEPAH və teokratik rejim - bu etirazları nəzarətdə saxlayır və yatırtmağa nail olur. Bu da onu göstərir ki, hakimiyyətin etiraz aksiyalarını boğmaq və ölkəyə nəzarəti qorumaq üçün hələlik kifayət qədər resursu və gücü var. Bu baxımdan, yaxın dövrdə və ya mövcud etirazlar nəticəsində hakimiyyətin devriləcəyini ehtimal etmək çətindir. Lakin xarici amillər və bizə məlum olmayan faktorlar prosesə müdaxilə edərsə, Tehran hakimiyyəti üçün müəyyən ciddi problemlər yarana bilər".

 Jalə Rövşən

TodayPress TV

tag: Sədrəddin Soltan,Politoloq,Etiraz,Rejim,Todaypress.tv,