“Tayvan ətrafında savaş təhlükəsi: Çin beş istiqamətdən hərbi əməliyyata hazırlaşır!”

Təhlil

30.12.2025 14:09

"Yaxın günlərdə Çinin Tayvana hərbi müdaxilə etmə ehtimalı var”.

Politoloq Yusif Bağırzadə bunu TodayPress TV-yə şərh edərkən bildirib. 


Onun sözlərinə görə, son zamanlar, Çinlə ABŞ arasında, Tayvanla bağlı kifayət qədər gərginlik var. ABŞ hakimiyyəti Tayvana həm maliyyə, həm də hərbi-texniki cəhətdən lazımi yardımlar edir. Bununla əlaqədar olaraq, Çin dövləti kifayət qədər narahatdır. 

“Çin hərbi qüvvələri Tayvan adası ətrafında beş tərəfdən hərbi təlimlərə başlayıb. Belə ki, Çin hərbi qüvvələrinin Tayvan adası ətrafında keçirdiyi hərbi təlimlər səbəbindən ada faktiki olaraq mühasirəyə alınıb və təqribən 10–12 gün ərzində Tayvanın xarici əlaqələri bir çox dövlətlər tərəfindən dayandırılıb. Həmçinin Avropa İttifaqı dövlətləri, Yaponiya və ABŞ bu təlimlərə görə narahatdırlar”, - deyə analitik vurğulayıb.

Y. Bağırzadə qeyd edib ki, Venesuela məsələsi ilə bağlı da Çin və ABŞ arasında ciddi gərginlik mövcuddur. ABŞ hakimiyyəti Maduro hakimiyyətini devirməyə çalışır və bu proses çərçivəsində Venesuela ətrafında ondan çox katerin vurulması faktları qeydə alınıb.

“Bundan sonra Çin dövləti Venesuela hakimiyyətinə hərbi-texniki yardım göstərib. Xüsusilə amfibiya tipli tankların Venesuelaya verilməsi ABŞ rəhbərliyini narahat edib. Ardınca ABŞ hakimiyyəti Tayvana kifayət qədər böyük həcmdə hərbi-texniki yardım göstərib”.

Politoloqun fikrincə, bu qarşıdurma dünyada müəyyən xaosa səbəb ola bilər və regionda dövlətlərarası münasibətlərin gərginləşəcəyini göstərir.

“Tayvan bu gün de-fakto müstəqil olsa da, de-yure BMT və əksər dövlətlər, o cümlədən ABŞ tərəfindən Çinin bir hissəsi kimi tanınır. Eyni zamanda, Tayvan dünyanın, xüsusilə də ABŞ-nin ən böyük çip ixracatçılarından biri olduğu üçün mövcud gərginliyin artacağı istisna edilmir”, - deyə analitik fikrini yekunlaşdırıb”.

Qeyd edək ki, ABŞ-nin Tayvana rekord hərbi yardım paketi elan etməsindən qısa müddət sonra Çin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayıb. Təlimlər hava, dəniz və amfibiya qüvvələrindən istifadə edilərək aparılıb.

Aysel Mətləb

TodayPress TV

tag: Yusif Bağırzadə,Politoloq,Tayvan,Çin,Todaypress.tv,