Suriyada vəziyyət gərginləşir: SDQ nəzarəti itirsə...

Təhlil

19.01.2026 15:19

"PKK" terror qruplaşması və ona bağlı qruplaşmalar vahid dövlət yaratmağa çalışsa da, mövcud şərait buna imkan vermir”.

Politoloq Sədrəddin Soltan bunu Suriyada baş verən son hadisələri TodayPress TV-yə şərh edərkən bildirib. 


O hesab edir ki, "PKK" terror qruplaşması  və onun müxtəlif formalarda ideyalarını daşıyan, fərqli adlarla fəaliyyət göstərən qruplaşmaların əsas hədəfi Türkiyə, Suriya və İran ərazilərində  İraqın şimalındakı yerli özünüidarə qurumuna bənzər strukturlar formalaşdırmaqdır: 

“Növbəti mərhələdə isə bu ərazilərin vahid dövlət və mərkəzləşdirilmiş qurum çərçivəsində birləşdirilməsinə nail olmaq planlaşdırılır. Lakin mövcud proseslər və baş verən hadisələr bu ideyanın hələlik reallaşmasına imkan vermir".

Analitik qeyd edib ki, kürd dilinin rəsmi statusu hələ Konstitusiyada təsbit olunmayıb:

"Yaxın vaxtlarda Suriyada Əhməd əl-Şaraa kürd dilinin ölkədə rəsmi dövlət dili statusu alması ilə bağlı fərman imzalayıb. Ancaq bu məsələ hələlik Suriyanın Konstitusiyasında təsbit olunmayıb. Gələcəkdə bunun Konstitusiyada əksini tapıb-tapmayacağı isə ölkədəki müxtəlif etnik qrupların hüquqları və həmin qrupların siyasi və ictimai fəaliyyəti ilə birbaşa bağlıdır. Yalnız bir etnik qrupa hüquqların tanınması, digərlərinə isə bu imkanların verilməməsi İraq nümunəsində olduğu kimi haqsızlıq kimi qiymətləndirilə bilər".

Ekspert vurğulayıb ki,  Suriyada mərkəzi hakimiyyət "PKK"nın nəzarətindəki əraziləri geri alır:

"Hazırda Suriyada vəziyyət getdikcə gərginləşir. İsraillə Suriya arasında təhlükəsizlik məsələlərinə dair razılaşma sənədi imzalanacağı təqdirdə, mövcud hakimiyyət ölkə ərazisində fəaliyyət göstərən bütün dağıdıcı qruplaşmaların, o cümlədən "PKK" tərəfindən formalaşdırılmış SDQ-nin tərksilahına nail ola bilər. Artıq "PKK"nın nəzarətində olan ərazilər tədricən Suriya mərkəzi hakimiyyətinin nəzarəti altına keçir. Xüsusilə neft yataqları rəsmi Dəməşqin nəzarətindədir. Bu baxımdan perspektivdə digər ərazilərdə də oxşar proseslərin baş verməsi istisna olunmur".

Xatırladaq ki, yanvarın 17-də Suriya ordusu Hələb vilayətinin şərqində yerləşən Deyr Hafir bölgəsində YPG/SDG-yə qarşı əməliyyata başladığını açıqlayıb. 

Bildirilib ki, əməliyyat Deyr Hafir ərazisində YPG/SDG-yə və keçmiş rejimə bağlı silahlı qruplara qarşı yönəlib.

Onu da qeyd edək ki, son olaraq Suriyada keçid dövrünün prezidenti Əhməd əş-Şaraanın əsasını kürd silahlı birləşmələrinin təşkil etdiyi “Suriya Demokratik Qüvvələri” (SDQ) ilə atəşkəs və qruplaşmanın dövlət institutlarına tam inteqrasiyasını nəzərdə tutan saziş imzalaması isə bu ölkədəki kürd probleminin həlli istiqamətində ciddi addım kimi qiymətləndirilir. 

Jalə Rövşən

TodayPress TV

tag: "PKK" terror təşkilatı ,Sədrəddin Soltan,SDQ,Suriya,Todaypress.tv,