Sülhməramlı missiya niyə gecikir? - "İsrail geri addım atmaq niyyətində deyil"

Təhlil

30.12.2025 14:26

ABŞ Prezidenti Donald Tramp Floridada İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdə İordan çayının qərb sahilində gərginliyi artıran addımlardan çəkinməyi və vəziyyəti stabilləşdirməyi xahiş edib. ABŞ tərəfi bölgədəki durumdan narahatlığını ifadə edib. 


Maraqlıdır, İordan çayının işğalı İsrail və ABŞ arasında gərginliyə səbəb ola bilərmi ? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Şakir Ağayev bildirib ki, Trampın Qəzza planının ikinci bəndi icra olunmur:


"Bilirsiniz ki, Trampın Qəzza planı bir neçə bənddən ibarətdir. Vaxt baxımından birinci bənd demək olar ki, icra olunub, ikinci bənd isə çoxdan həyata keçirilməli idi. Lakin Tramp görür ki, ikinci bənd icra olunmur və burada söhbət təkcə Fələstin-HƏMAS tərəfindən getmir; İsrail tərəfi də atəşkəsi 900-dən çox dəfə pozub – bu, dünənki rəsmi məlumatdır".

Analitik qeyd edib ki, bölgədə sabitlik olmadığından sülhməramlı missiya hələ mümkün deyil:

"İkinci mərhələnin həyata keçirilməsi hələ ki, ABŞ tərəfindən tam təmin olunmayıb. Dünən də rəsmi açıqlama verilib ki, orada beynəlxalq sülhməramlı missiya yaradılmalıdır, amma hələ heç bir ölkə buna razılıq verməyib. İsrailin tez-tez atəşkəsi pozması göstərir ki, bölgədə tam sabitlik və sakitlik hələ bərpa olunmayıb. Yəni, digər ölkələrin qüvvələri ora göndərilsə, hər hansı atəşkəs pozulması nəticəsində sülhməramlıların təhlükəsizliyi təmin olunmayacaq".

Onun sözlərinə görə, buna görə də ABŞ bu vəziyyətdən narazıdır. Tramp həmişə vurğulayır ki, “300 ildir Yaxın Şərqdə sülh yox idi, mən onu gətirdim”. Amma bu, əslində sülh deyil, sadəcə atəşkəsdir. Yaxın Şərqdə həqiqi sülhün bərqərar olması üçün iki dövlət prinsipi həyata keçirilməli, Fələstin dövləti qurulmalıdır. Tramp isə  bunu yaxşı bilir.

Ekspert vurğulayıb ki, İsrail əraziləri geri vermək niyyətində deyil:


"Eyni zamanda İsrailin Müdafiə naziri Kats yaxınlarda elan edib ki, “Biz işğal olunmuş ərazilərdə yenidən tikintilər aparacağıq, işlər görəcəyik”, yəni əraziləri geri vermək niyyətində deyillər. Bu, ABŞ-nin narazılığına səbəb olsa da, mən güman etmirəm ki, bu, ABŞ-İsrail münasibətlərində ciddi gərginlik yaradacaq".

Politoloqun fikrincə, ABŞ-İsrail münasibətləri möhkəmdir: "Birincisi, ABŞ-İsrail münasibətləri o qədər möhkəmdir ki, əgər gərginlik yaranmalı olsaydı, ABŞ çoxdan İsrailə qarşı kəskin addımlar atmalı idi. İkincisi, gərginlik baş verəcək olsa, bunun başında əsas şəxslərdən biri İsrail Baş naziri Netanyahudur. Hər halda ABŞ İsrail Baş nazirindən xahiş edir ki, Netanyahu ölkədə baş verən cinayət işləri ilə bağlı addımlar atmasın".

Ş.Ağayev sonda əlavə edib ki, beləliklə, bu vəziyyət ciddi gərginlik yaratmayacaq. Lakin ABŞ-nin marağı odur ki, Dohada imzalanmış Yaxın Şərqdə sülhə doğru proqram digər dövlətlərin iştirakı ilə icra olunsun.

Jalə Rövşən

TodayPress TV

tag: Şakir Ağayev,Siyasi ekspert,İsrail,Tramp,Todaypress.tv,