"SSRİ yoxdur, Çin var" – Masadan ilk qalxan kim olacaq?

"SSRİ yoxdur, Çin var" – Masadan ilk qalxan kim olacaq?
24.09.2026 17:38 Təhlil

Pekin və Vaşinqton arasında artan rəqabət və qlobal geosiyasi gərginlik fonunda Çin liderinin ABŞ-yə səfəri beynəlxalq aləmin diqqət mərkəzindədir. Dünyanın iki ən böyük gücünün təmasları hamı üçün maraqlıdır.

Bəs qlobal güclərin masasında hansı kritik məsələlər var? Donald Trampla Si Cinpin razılığa gələ biləcəklərmi?

Siyasi məsələlər üzrə analitik Samir Hümbətov  sözügedən məsələni TodayPress TV-yə şərh edib.


O, hazırda mövcud olan bir sıra ciddi problemlərdən bəhs edib:

“Rusiya-Ukrayna, ABŞ-İran münaqişələri davam edir. Bundan əlavə, husilərin Yəməndə hakimiyyətə nəzarəti əhəmiyyətli dərəcədə gücləndirməsi, ölkənin əksər ərazilərinə nəzarət imkanlarının formalaşması və husilərlə Səudiyyə Ərəbistanı arasında vəziyyətin gərginləşməsi kimi məsələlər də var. Belə bir vaxtda tərəflər arasında bir sıra mövzuların müzakirə olunacağı gözlənilir. Hətta bir neçə saat davam edən qapalı görüşün keçirilməsi ehtimalı da var. Əgər bu görüş baş tutacaqsa, düşünürəm ki, tərəflər bəzi məsələlər üzrə istəsələr də, istəməsələr də razılığa gəlmək məcburiyyətində qala bilərlər. Bu səfər, eyni zamanda, onu göstərir ki, ABŞ artıq Çinin böyük bir güc olduğunu qəbul etməyə doğru gedir. Halbuki Tramp ilk prezidentliyi dövründə Çinlə ticarət müharibəsini məhz özü başlatmışdı. Artıq Çinin gücünü qəbul etməyə başlayıb. Bu, həm Çin, həm yeni dünya nizamının formalaşması, həm də qlobal qütbləşmə baxımından mühüm əhəmiyyət daşıyır. Nəzərə alaq ki, bir müddət əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirildi və həmin sammitdə Türkiyə ilə yanaşı, digər ölkələr də iştirak etdi. Bu da əslində yeni qütbləşmə sisteminin hansı istiqamətdə formalaşdığının göstəricilərindən biridir”.

Ekspert tərəflərin bir sıra məsələlər üzrə razılığa gələ biləcəyini düşünür:

“Bəzi prinsipial məsələlər var ki, burada artıq qütbləşmənin təsiri özünü göstərəcək. Necə ki, əvvəllər ABŞ və SSRİ bu qütbləşmənin iki fərqli ucunda dayanırdı, indi SSRİ yoxdur, onun yerində Çin var. Böyük ehtimalla, Çinin də özünəməxsus istəkləri və tələbləri olacaq. Bu tələblərin ABŞ-ni nə dərəcədə qane edəcəyi isə ayrıca məsələdir. Tərəflərin bütün məsələlər üzrə konsensus əldə etməsi, təbii ki, mümkün deyil. Amma bir çox, xüsusilə də prinsipial məsələlərdə razılığa gəlmək ehtimalı kifayət qədər yüksəkdir”.

S.Hümbətov bu səfərin həm də ikitərəfli münasibətlər, xüsusilə Çin-ABŞ iqtisadi və ticarət əlaqələri baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

“Bundan əlavə, süni zəkanın sürətlə inkişaf etdiyi bir dövrdə ABŞ və Çin arasında artıq ciddi rəqabət mühiti formalaşıb. Bu da görüşün əhəmiyyətini artıran amillərdən biridir. Dünyanın həm iqtisadi, həm də siyasi mənzərəsi ilə bağlı bir sıra suallar qalmaqdadır və düşünürəm ki, onların hamısı bu görüşdə müzakirə oluna bilər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
24 SENTYABR 2026
Bütün Xəbərlər