SON DƏQİQƏ! Ermənistan İrandan üz döndərir? - Bu qüvvələr...

Təhlil

15.01.2026 16:30

İranda  siyasi gərginlik, sosial narazılıqlar və beynəlxalq təzyiqlərin artması fonunda vəziyyət daha da mürəkkəbləşib. Bu şəraitdə İranın uzun illər siyasi, iqtisadi və logistik dəstək verdiyi Ermənistanın mövqeyi də diqqət mərkəzindədir. 

Bəs, həmişə İranın kömək etdiyi Ermənistan indi ona necə kömək edə bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, bu etirazlar İrana uzun illər tətbiq olunan sanksiyaların nəticəsidir:


"İranda baş verən etiraz aksiyaları, təbii ki, İrana uzun illər tətbiq olunan iqtisadi sanksiyaların və siyasi izolyasiyanın nəticəsidir. Həmçinin, İran rejiminin apardığı səhv sosial-iqtisadi siyasətin bariz nümunəsidir. Amerika Birləşmiş Ştatlarının məqsədi də məhz bu idi; tətbiq olunan sanksiyalar və qadağalar hazırkı vəziyyətin yaranmasına hesablanmışdı".

O vurğulayıb ki, göründüyü kimi, etiraz aksiyaları artıq mütəşəkkil xarakter alıb və aksiyaçılarla hökumət qüvvələri arasında silahlı toqquşmalar da baş verib. ABŞ isə İrana qarşı preventiv hərbi zərbələr endirmək planına malikdir.

Analitik qeyd edib ki, İran səfirlikləri qarşısında etirazlar Ermənistanda da baş verir:

"İranın xaricdəki səfirlikləri qarşısında da etiraz aksiyaları keçirilir. Məhz Ermənistanda da bunun şahidi oluruq. Ermənistan hökuməti bir növ buna şərait yaradır; hətta İranın Ermənistandakı səfiri buna etiraz etdi. Amma rəsmi İrəvanın mövqeyindən də aydın oldu ki, Ermənistan yalnız belə aksiyaların təhlükəsizliyini təmin edə bilər".

M.Əsədullazadə Ermənistanın İrana qarşı fərqli siyasət yürüdəcəyini proqnozlaşdırıb:

"Düşünürəm ki, ümumiyyətlə, Ermənistan hər hansı İrana kömək yox, əksinə, İran əleyhinə siyasət yürüdəcək. Proses bundan ibarətdir. Yəni uzun illər ərzində İran Ermənistanı — məhz Azərbaycana qarşı işğal siyasətinə görə — dəstəkləyib. Lakin Ermənistanın indiki addımları İranda suallar doğurur. İran rejimi artıq görür ki, Ermənistan tərəfi taleyüklü məsələlərdə ona arxa çevirib. Proses də bu istiqamətdə davam edəcək: Ermənistan İrana kömək etməyəcək, əksinə, bir çox koalisiyalarda İran əleyhinə mövqe tutacaq". 

Jalə Rövşən

TodayPress TV

tag: Məhəmməd Əsədullazadə,Politoloq,Ermənistan,İran,Todaypress.tv,