Sərhəddə gərginlik: Türklər və kürdlər arasında nə baş verir?

Təhlil

22.01.2026 17:05

Şimali Kürdüstandan olan kürdlər Türkiyə sərhədinə hücum edərək Kobani şəhərinə keçmək niyyətindədirlər. Suriya hökumət qüvvələri və müxtəlif silahlı qruplar ölkənin kürd yaşayış məntəqələrinə qarşı hərbi əməliyyatlara başlayıblar.

Maraqlıdır  bu proses regionda Türkiyə–Suriya münasibətlərinə və kürd məsələsinin gedişatına necə təsir göstərəcək? 

Mövzu haqqında TodayPress TV-yə danışan siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, sərhəddəki aktivlik Türkiyəni narahat edir: 


"Türkiyə ilə sərhəddə bu cür aktivləşmə, əlbəttə ki, rəsmi Ankaranı ciddi şəkildə narahat edir və Türkiyənin Suriyadakı siyasətinin düzgün olduğunu göstərir. Onsuz da Amerika Birləşmiş Ştatları da artıq bu məsələdə Türkiyəni dəstəkləyir və hesab olunur ki, Türkiyə hökuməti Suriyada baş verən hadisələrə lazımi diqqət göstərməlidir".

Analitik qeyd edib ki, Suriya Demokratik Qüvvələri Türkiyəyə qarşıdır: 

“Çünki Suriya Demokratik Qüvvələri adlandırılan qurum faktiki olaraq kənar dövlətlərin maşası kimi hərəkət edir və Türkiyənin mövqelərinə tamamilə zidd siyasət aparır. Eyni zamanda Suriyanın parçalanması üçün də aktiv fəaliyyət göstərir. Hazırda rəsmi Ankaranın və Suriyadakı Əl-Əsəd hökumətinin mövqeyi tamamilə üst-üstə düşür. Amerika Birləşmiş Ştatları da bu məsələdə onları dəstəkləyir ki, bu, Suriya Demokratik Qüvvələrinin və İsrailin mövqelərinə ciddi təsir göstərəcək".

Onun sözlərinə görə, heç təsadüfi deyil ki, Suriya Demokratik Qüvvələri artıq İsrailə müraciət edərək ondan dəstək istəyirlər. Bu dəstək çağırışı faktiki olaraq Suriyadakı "PKK"  və "PYD" terror qruplaşmalarının çöküşünü, eləcə də İsrailin Suriyada Türkiyə qarşısında məğlubiyyətini etiraf etməsi deməkdir.

Ekspertin qənaətincə,  Türkiyə-Suriya münasibətləri mərkəzi hökumətlə normal şəkildə inkişaf edəcək. Mövqeləri tam üst-üstə düşür. Türkiyə də Suriyanın mərkəzi hökumətinin qüvvətlənməsinin və ölkənin bütövlüyünün saxlanmasının tərəfdarıdır. Bu isə Əl-Əsəd hökumətinin mövqeyinə tam uyğundur.

Z.Əmrəliyev sonda vurğulayıb ki, kürdlər yalnız Suriyada mədəni muxtariyyətlə qala bilərlər: 

“Kürd məsələsinin gələcəyi isə kürdlərin mədəni muxtariyyət əldə edərək Suriyanın tərkibində yaşaması ilə həll olunmalıdır. Yəni bunun başqa yolu yoxdur. Hər hansı federal bölgənin yaradılması, müstəqil dövlətçilik və ya geniş muxtariyyət artıq gündəmdə deyil. ABŞ-nin də Türkiyə və Əl-Əsəd hökumətinin mövqeyini dəstəkləməsi bu prosesə faktiki olaraq son qoydu. Kürdlərin müstəqil dövlət və ya muxtariyyət məsələsi artıq gündəmdə deyil; onlar yalnız mədəni muxtariyyət çərçivəsində Suriyanın tərkibində yaşaya bilərlər". 

Jalə Rövşən

TodayPress TV

tag: Zeynal Əmirəliyev,Politoloq,Türklər,Kürdlər,Todaypress.tv,