Sabitliyin əsas təminatçısı: Balanslı daxili və xarici siyasət – ŞƏRH

Təhlil

20.01.2026 19:39

“Biz İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Bizim üçün regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir”. 

Prezident İlham Əliyev bunu yanvarın 20-də Davosda "Euronews" televiziyasına müsahibəsində bildirib.  

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın daxilində isə potensial risklər mövcud deyil: 

“Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük”.

Politoloq Zərdüşt Əlizadənin ölkə başçısının bu fikirlərini TodayPress TV-yə şərh edərkən bildirib ki, sabitlik cəmiyyətin dövlətə və onun institutlarına olan inamı ilə formalaşır.


“Vətəndaş yaşadığı ölkədə qanunlara və ədalət prinsipinə inanmalıdır. Əgər cəmiyyətdə hakimiyyət əleyhinə kütləvi narazılıqlar yaranırsa, insanlar ictimai və iqtisadi zülmdən şikayət edirsə, bu artıq həmin ölkədə sabitliyin ciddi risk altında olduğunu göstərir. Belə vəziyyətdə sabitlik formal xarakter daşıyır və uzunmüddətli ola bilməz”. 

Zərdüşt Əlizadə vurğulayıb ki, Azərbaycanda isə sabitlik uzun illərdir ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində qorunub saxlanılır. Dövlət başçısının apardığı balanslı daxili və xarici siyasət ölkədə ictimai-siyasi sabitliyin əsas təminatçısı rolunu oynayır.

“Sabitliyin pozulması hər bir ölkə üçün birbaşa rifahın, sosial təhlükəsizliyin və iqtisadi inkişafın zərbə alması deməkdir. Bu prinsip təkcə Azərbaycan üçün deyil, regiondakı bütün ölkələr üçün keçərlidir.

O, həmçinin qeyd edir ki, heç bir rasional dövlət və ya cəmiyyət qonşu ölkədə müharibə və ya hücumlar olmasını istəməz:

“Kim istəyərdi ki, İrana hücumlar olsun? Regionda gərginliyin artması bütün ölkələr üçün təhlükə mənbəyidir”.

Aynur TAC

TodayPress TV

tag: İran , Şərh, İlham Əliyev, Sabitlik,Zərdüşt Əlizadə,todaypress.tv,