Rusiya Türkiyədə AES tikir: Moskvadan 9 milyardlıq investisiya

Təhlil

29.12.2025 11:57

Rusiya Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu” AES-in tikintisinin maliyyələşdirilməsi üçün 9 milyard dollar vəsait ayırıb. Bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.


Maraqlıdır, Rusiya tərəfindən maliyyələşdirilən “Akkuyu” AES Türkiyənin enerji siyasətində Rusiyanın təsirini artırırmı və bölgədə geosiyasi balanslara necə təsir göstərə bilər?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, “Rosatom” atom enerjisi sahəsində qlobal strateji üstünlük yaradır:


““Rosatom” şirkətinin çoxsaylı xarici sifarişləri mövcuddur və bu şirkətin iştirak etdiyi layihələrin demək olar ki, hamısı iri miqyaslıdır. Rusiya–Türkiyə, Rusiya–İran, Rusiya–Misir və digər ölkələrlə yüksək səviyyəli əməkdaşlıq çərçivəsində “Rosatom” əsasən atom elektrik stansiyalarının inşası ilə məşğuldur. Bu, Rusiyanın böyük maraqlarına xidmət edir, çünki şirkət faktiki olaraq bu sahədə müəyyən inhisar mövqeyi və ciddi texnoloji üstünlük əldə edib. Digər tərəfdən, hazırda dünyada enerji təhlükəsizliyinə, xüsusilə alternativ və stabil enerji mənbələrinə kəskin ehtiyac yaranıb. Məhz buna görə bir çox ölkə gələcək enerji generasiyasının əsas həll yolunu atom elektrik stansiyalarında görür”.

Analitik qeyd edib ki, atom enerjisi region ölkələri üçün gələcəyin əsas strateji enerji mənbəyidir:


“Azərbaycanda da bu istiqamətdə müəyyən planların olduğu məlumdur. Mənim bildiyimə görə, hazırda bu məsələlər aktiv mərhələdə deyil, lakin bu daha çox gələcəyin mövzusudur. Türkiyə və Misir isə artıq bu sahədə strateji əhəmiyyət daşıyan qərarlar verən ölkələr sırasındadır. Məsələn, İranda Buşer Atom Elektrik Stansiyası fəaliyyət göstərir, birinci blok istifadəyə verilib, ikinci və üçüncü blokların inşasına isə artıq başlanılıb. Göründüyü kimi, atom enerjisi gələcəkdə insan həyatında, iqtisadi fəaliyyətdə və ümumi inkişafda mühüm rol oynayacaq”.

Ekspertin fikrincə, Türkiyə balanslı siyasət apararaq Rusiyanın təsir gücünü qəbul etdi:

“Türkiyə məsələsinə gəldikdə isə, düşünürəm ki, Ankara həm Şərq, həm də Qərb balansını qorumağa çalışaraq qərarlarını formalaşdırır. Bu prosesdə Qərbin müəyyən qısqanclığı da açıq şəkildə hiss olunur. Xatırlayırsınızsa, Türkiyə ABŞ-dən Patriot hava hücumundan müdafiə sistemlərini almaq istəsə də, nəticədə Rusiyadan S-400 sistemlərini sifariş etdi və əldə etdi. Sonradan bu sistemlərin geri qaytarılması mövzusu gündəmə gəlsə də, bu artıq ayrıca müzakirə mövzusudur. Hər halda, Rusiya bu addımlarla öz təsir imkanlarını nümayiş etdirdi və müəyyən üstünlüklərə malik olduğunu göstərdi”.

Politoloq bildirib ki, Akkuyu layihəsi Türkiyə–Rusiya enerji əməkdaşlığının strateji əsasını formalaşdırır:

“Türkiyə isə təsadüfi qərarlara əsaslanan ölkə deyil. O, bütün addımlarını ciddi şəkildə ölçüb-biçir və seçdiyi strategiyanı məntiqi sonluğa çatdırmağa çalışır. Rusiyanın da bu əməkdaşlıqda israrlı olduğu açıq görünür. Məhz buna görə Rusiyanın atom energetikası vasitəsilə Türkiyə bazarına daxil olması Moskva üçün ciddi imtiyazlar yaradır. Bunun Türkiyə üçün də faydaları danılmazdır. Akkuyu Atom Elektrik Stansiyası Türkiyədə bu sahədə ilk layihədir və gələcəkdə yeni sifarişlərin gündəmə gəlməsi də istisna edilmir”.

Onun sözlərinə görə, əgər bu strategiya qarşılıqlı etimad və maraqlar üzərində qurularsa, yeni layihələrin ortaya çıxması real görünür. Rusiya şirkətlərinin Türkiyə bazarında, Türkiyə şirkətlərinin isə Rusiya bazarında genişlənməsi beynəlxalq münasibətlərdə təbii proses kimi qiymətləndirilə bilər. Xüsusilə atom energetikası kimi yüksək maliyyə və texnologiya tutumuna malik sahələrdə bu cür əməkdaşlıq daha dərin məna kəsb edir.

T.Abbasov sonda qeyd edib ki, “Rosatom”la əməkdaşlıq Türkiyə üçün strateji üstünlük və iqtisadi inkişaf imkanları yaradır:


“Nəticə etibarilə, Moskva bu əməkdaşlıq vasitəsilə mövqelərini gücləndirməyə çalışacaq, Türkiyə isə yaranan imkanlardan istifadə edərək iqtisadi, texnoloji və investisiya potensialını artırmağa səy göstərəcək. Mənim qənaətimə görə, Türkiyənin “Rosatom”la enerji sahəsində əməkdaşlığı gücləndirməsi ağıllı və strateji addımdır. Akkuyu Atom Elektrik Stansiyası Türkiyə iqtisadiyyatının inkişafında çox böyük, hətta əvəzolunmaz rol oynayacaq”.

Jalə Rövşən

TodayPress TV

tag: Tofiq Abbasov,Politoloq,Rusiya,Türkiyə,AES,Todaypress.tv,