Rusiya hərəkətə keçir: “Böyük qardaş” İrana necə kömək edəcək?

Təhlil

13.01.2026 12:35

Rusiya və İran Təhlükəsizlik Şuralarının katibləri Sergey  Şoyqu və Əli Laricani telefon danışığı aparıblar

Şoyqu xarici qüvvələrin İranın daxili işlərinə müdaxilə etmək cəhdini pisləyib və çoxsaylı itkilərlə bağlı başsağlığı verib.

Tərəflər təhlükəsizliyi təmin etmək üçün əlaqələri davam etdirmək və mövqelərini əlaqələndirmək barədə razılığa gəliblər.

Maraqlıdır ki, Rusiya indiki dönəmdə İrana necə kömək edə bilər? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Sədrəddin Soltan bildirib ki,  İrana dəstək verən mövqe etirazçıları tənqid, hakimiyyəti isə müdafiə edir:


"İrana, indiki vəziyyətdə Tehran hakimiyyətinə siyasi bəyanatlar vermək, hakimiyyətin mövqeyini dəstəkləmək, etiraz aksiyalarında iştirak edənləri – xüsusən də hakimiyyətin “iğtişaşçı” adlandırdığı hissəni – tənqid etmək, eləcə də ölkədə baş vermiş etiraz aksiyalarında ABŞ və İsrailin rolunu təbliğ etmək mövqeyi maraqlıdır".

Onun qənaətincə, bu mövqe hansı dövlət və ya qurum tərəfindən təbliğ olunursa, həmin qurum Tehran hakimiyyətinin 28 dekabrdan etibarən atdığı addımları və etirazçılara qarşı həyata keçirdiyi tədbirləri dəstəkləmiş olur.

Analitik qeyd edib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi həmkarı Əli Laricani ilə telefon danışığında Tehran hakimiyyətini bütün istiqamətlərdə dəstəklədiklərini bildirib; bu, rəsmi Tehrana hər cür dəstək kimi qiymətləndirilir.

S.Soltan sonda əlavə edib ki, Rusiya İrana texniki dəstək verə bilər:

"Başqa tərəfdən, ehtimal edilir ki, etiraz aksiyalarının qarşısını almaq üçün Rusiya İrana uyğun texniki vasitələr də göndərə bilər. Bu addım həm də perspektivdə gözlənilən etiraz aksiyalarına və onların ABŞ və Qərb tərəfindən dəstəklənməsinə qarşı münasibəti ifadə edir". 

Jalə Rövşən

TodayPress TV

tag: Sədrəddin Soltan,Politoloq,Rusiya,İran,Todaypress.tv,