Rusiya əvəzinə Hindistan seçimi: Ermənistan sülh ərəfəsində silahlanır...

Təhlil

26.01.2026 18:26

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan ölkəsinin Hindistanla əməkdaşlığı genişləndirməyə və yeni iddialı təşəbbüslər irəli sürməyə hazır olduğunu bildirib. Son illər tərəflər arasında, xüsusən hərbi sahədə əməkdaşlıq güclənib.

Maraqlıdır, Ermənistanın Hindistanla hərbi əməkdaşlığı niyə güclənir?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Hindistan Pakistanla düşmənçiliyinə görə Ermənistana dəstək verib:


"Ermənistanla Hindistanın hərbi əməkdaşlığı 44 günlük müharibədən sonra daha da yüksələn xətt üzrə davam etdi. Məlumdur ki, həmin müharibə zamanı Pakistan fəal şəkildə Azərbaycana dəstək verirdi. Hindistan da Pakistanla düşmən olduğuna görə Ermənistana dəstək verməyə qərar verdi və onların hərbi əməkdaşlığı artdı".

Analitik qeyd edib ki, Ermənistan ilk növbədə Hindistandan o qədər də keyfiyyətli olmayan silahlar almağa başladı, çünki o dövrdə digər dövlətlərdən müasir silahlar almaq mümkün deyildi. Rusiyadan almağa cəhd göstərdilər, ancaq Rusiya pulu aldı, lakin silahı vermədi, çünki Ukrayna müharibəsi başlamışdı.


Ekspert vurğulayıb ki, Ermənistan-Hindistan hərbi əməkdaşlığı davam edir:

"Sülh müqaviləsi Vaşinqtonda paraflanandan sonra Ermənistanla Hindistan arasında hərbi əməkdaşlıq davam etdi. Bu da aydındır, çünki bütün dövlətlər, hətta sülh müqaviləsi imzalayandan sonra da öz hərbi potensiallarını artırmağa çalışırlar. Hindistan isə dünyanın dördüncü ən böyük hərbi gücüdür. Yeri gəlmişkən, son reytinqlərə görə, Azərbaycan və Özbəkistan dünyanın 60 ən güclü orduları sırasında yer alırlar. Türkiyə də təbii olaraq ilk onluğa daxildir".


O diqqətə çatdırıb ki, Azərbaycan həm Türkiyə ilə, həm Pakistanla, həm də İsraillə hərbi əməkdaşlığını davam etdirir. Ordumuzun müasir tələblərə uyğun güclənməsi və möhkəmlənməsi üçün zəruri addımlar atılır. Dövlətlər adətən "sülh istəyirsənsə, müharibəyə hazırlaş" prinsipi ilə hərəkət edir, buna görə ordularını möhkəmləndirməyə çalışırlar.

A.Səmədov sonda əlavə edib ki, Ermənistan ordusu Azərbaycan qarşısında zəifdir:


"Ancaq Ermənistan bir şeyi anlamalıdır ki, nə qədər cəhd göstərsə də, onun ordusu Azərbaycan ordusundan həmişə zəif olacaq. Bunun səbəbi ordunun silahlanması üçün ayrılan vəsaitlər arasındakı böyük fərqdir. Digər tərəfdən, Azərbaycan dünyanın ən müasir silahlarını alır, Ermənistan isə Hindistan kimi kənardan silah alan ölkələrlə əməkdaşlıq edir. Hindistanın silahları isə təbii ki, o qədər də yüksək səviyyəli hesab olunmur. Lakin görünür ki, Ermənistanın başqa çarəsi yoxdur və buna görə Hindistanla hərbi əməkdaşlığı davam etdirmək məcburiyyətindədir".

Jalə Rövşən

tag: Ermənistan ,Azərbaycan,Hindistan,Ordu,Todaypress.tv,