Regional güclərin "Yəmən Düyünü": Husilər devriləcək?

Təhlil

30.12.2025 19:00

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Hadramaut bölgəsində, əl-Mukkəllə limanının Cənub Keçid Şurası tərəfindən ələ keçirilməsindən sonra məhdud hərbi əməliyyata başladığını açıqlayıb. Koalisiya mülki şəxsləri təhlükəsizlik məqsədilə liman ərazisini tərk etməyə çağırıb.

Maraqlıdır, konfliktin yenidən aktivləşməsi böyük münaqişəyə səbəb ola bilərmi?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, husilərin hakimiyyətə gəlməsi ABŞ və Səudiyyə Ərəbistanını narahat edir:"Yəməndə husilərin hökuməti devirməsi və hakimiyyətə gəlməsi təbii ki, həm Amerika Birləşmiş Ştatlarının, həm də Səudiyyə Ərəbistanının əsas narahatlıq mənbəyidir. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin də dəstəklədiyi qüvvələr var və görünür ki, bu qüvvələr ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında toqquşmalar baş verir".

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ABŞ ilə koordinasiyada qanuni hökuməti dəstəkləyir:


"Proses belədir ki, Səudiyyə Ərəbistanı bu məsələdə ABŞ ilə koordinasiyalı işləməyə çalışır. Yəməndə hələ də parçalanma mövcuddur; mərkəzi hökumət husilərin nəzarətindədir və onlar İrana bağlıdır. Digər tərəfdən, Səudiyyə Ərəbistanının dəstəklədiyi və BMT tərəfindən tanınan qanuni hökumət də var və koalisiya qüvvələri bu hökumətlə koordinasiyalı fəaliyyət göstərir".

Analitik qeyd edib ki, Yəmən strateji əhəmiyyətə görə geosiyasi mübarizə mərkəzidir:


"Yəni, Yəməndə bir geosiyasi mübarizə gedir. Çünki Yəmən strateji əhəmiyyətə malikdir: Ədən körfəzi, Hind okeanından Aralıq dənizinə keçən əsas strateji nəqliyyat yolları, habelə neft yataqları və bu periferiyada güc sahibi olmaq baxımından həm Afrikanın şərqinə, həm də Yaxın Şərqə təsir etmək mümkündür".

M.Əsədullazadə sonda vurğulayıb ki, burada ABŞ və Səudiyyə Ərəbistanı husiləri devirməyə, Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi qüvvələri isə oyundan kənarlaşdırmağa çalışacaq. Lakin husilərin üzərində tam qələbə çalması çətin görünür.

Jalə Rövşən

tag: Səudiyyə Ərəbistanı,Yəmən,Hadramaut,Mukkəllə ,Məhəmməd Əsədullazadə,