Ramiz Yunus: “Rusiyaya xas söz azadlığı – müzakirə əvəzinə senzura”

Təhlil

15.01.2026 22:39

"Rusiyada və rusdilli “liberal” mediada söz azadlığı formal xarakter daşıyır"

TodayPress TV xəbər verir ki, bunu Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus rusiyalı jurnalist Yevgeni Kiselyovla efirdə yaşanan insidentə münasibət bildirərkən  vurğulayıb.

Ramiz Yunusun sözlərinə görə, müzakirələrdə arqumentlər tükəndikdə “konspiralogiya” ittihamı irəli sürülür və nəticədə qarşı tərəfin mikrofonu söndürülür:

“Arqumentlər bitəndə etiketləmə, söz kəsmə və sonda mikrofonu söndürməkdən istifadə olunur. Bu, diskussiya deyil, açıq-aşkar qaçışdır”, —  o bildirib.

Politoloq vurğulayıb ki, Yevgeni Kiselyovla sözügedən efirdə o, emosiyalara deyil, sənədlərlə təsdiqlənmiş və artıq sirr olmayan faktlara istinad edib. Lakin buna baxmayaraq, müzakirə əvəzinə canlı yayımda isterik reaksiya və senzura ilə üzləşib.

Ramiz Yunus bildirib ki, o, post-sovet məkanında baş verən əsas ictimai-siyasi proseslərin birbaşa şahidi və iştirakçısı olub, Azərbaycan hökumətində və parlamentində rəhbər vəzifələrdə çalışıb:

“Studiyalarda əyləşən bir çox şərhçilərdən fərqli olaraq, mən şüarlara deyil, konkret hadisələrə və şəxsi təcrübəmə əsaslanıram”, — deyə o qeyd edib.

Professorun sözlərinə görə, Rusiyanın “liberal cameəsi”nin “konspiralogiya” adlandırdığı mövzular əslində onlar üçün son dərəcə narahatedici həqiqətlərdir:

“SSRİ-nin dağılmasından 35 ildən çox vaxt keçsə də, imperiya düşüncəsindən imtina etməyiblər. Adlar, ritorika dəyişib, mahiyyət isə olduğu kimi qalıb”.

Ramiz Yunus bildirib ki, özlərini “demokratiya və söz azadlığının müdafiəçisi” kimi təqdim edən bu çevrələr onilliklər ərzində faktiki olaraq Kremlin siyasətini əsaslandırıb:

“Qan Qorbaçov dövründə də töküldü, Yeltsin dövründə də, bu gün Putin dövründə də tökülür — Qarabağda, Abxaziyada, Cənubi Osetiyada, Dnestryanıda, Çeçenistanda və bu gün Ukraynada”.

Onun sözlərinə görə, xüsusilə Birinci və İkinci Qarabağ müharibələri zamanı rusiyalı “liberal” media nümayəndələrinin mövqeyi açıq şəkildə Azərbaycana qarşı olub və Ermənistanın təcavüzü dəstəklənib.

Ramiz Yunus əlavə edib ki, bu yanaşma bu gün də davam edir və həmin şəxslər Ukrayna informasiya məkanında çalışsalar da, imperiya reflekslərindən imtina etməyiblər.

“Məhz buna görə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin ilk günlərindən etibarən hər şeyi öz adı ilə çağırıram. Bu səbəbdən də məni sevmirlər — konspiraloq olduğum üçün yox, rahat mifləri dağıtdığım üçün”.

Sonda politoloq bildirib ki, son illər bir sıra tanınmış simaların əsl siması üzə çıxıb:

“Yuliya Latınina, ‘Dožd’ telekanalı, Aleksey Venediktov, ‘Exo Moskvi’, Vladimir Pozner — indi bu siyahıya Yevgeni Kiselyov da əlavə olunub. Ssenari həmişə eynidir: arqument əvəzinə etiket, müzakirə əvəzinə qıcıq, söz azadlığı əvəzinə isə ‘söndür’ düyməsi”.

Onore de Balzakın dediyi kimi: “İnsanları özləri haqqında həqiqətdən daha çox heç nə qəzəbləndirmir.”

tag: Ramiz Yunus, Rusiya, Təhlil, Azərbaycan,Yevgeni Kiselyov, todaypress.tv,