Ramiz Yunus: “Regionun gələcəyi təkcə Azərbaycanın məsuliyyəti deyil”
Təhlil
27.01.2026 00:38
“Müasir dünyada beynəlxalq hüquq getdikcə güc qarşısında geri çəkilir və bu şəraitdə illüziyalar səhvlərdən daha təhlükəli olur”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Beynəlxalq Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb.
Professor bildirib ki, qlobal nizam artıq sabit qaydalar üzərində deyil, aparıcı güc mərkəzləri arasında sərt rəqabət üzərində formalaşır və bu prosesdən ən çox zərər görənlər öz strateji dayanıqlığını qura bilməyən dövlətlərdir:
“Hüququn gücü tədricən gücün hüququ ilə əvəzlənir. Belə dünyada yanlış gözləntilər və xarici təminatlara həddindən artıq ümid təhlükəli nəticələr doğura bilər. Cənubi Qafqaz bu geosiyasi transformasiyanın episentrində yerləşir və regionun tarixi xarici imperiyalar arasında rəqabətin xalqların taleyinə birbaşa təsir etdiyini açıq şəkildə göstərir. Coğrafiya bəzən imkan, bəzən faciə yaradıb, amma coğrafiya hökm deyil. Hökm onu strateji baxımdan düzgün dəyərləndirə bilməməkdir”.
Analitikin sözlərinə görə, son onilliklərdə Azərbaycanın yolu bu baxımdan nümunəvi model ortaya qoyur. O qeyd edib ki, müstəqilliyin ilk illərindəki səhvlərdən nəticə çıxaran Azərbaycan suveren və praqmatik siyasət qurmağa nail olub:
“Müasir ordunun yaradılması, qardaş Türkiyə ilə strateji müttəfiqlik, Pakistan və İsraillə tərəfdaşlıqlar, cəmiyyətin daxili konsolidasiyası nəticə verdi. İkinci Qarabağ müharibəsində qələbə təkcə bir münaqişəni həll etmədi, Cənubi Qafqazda əvvəlki status-kvonu köklü şəkildə dəyişdi. Bu dönüş bütün region üçün mühüm mesajdır. Cənubi Qafqazda münaqişələr artıq xarici idarəetmə aləti kimi qala bilməz. Ermənistan üçün bu, strateji asılılıq məntiqindən çıxmaq və emosiyalar siyasətindən hesablanmış inkişaf siyasətinə keçmək üçün tarixi imkandır. Gürcüstan üçün isə Şərqlə Qərb arasında əsas tranzit həlqə rolunu gücləndirmək şansıdır”.
Politoloq Azərbaycanın Avrasiya əməkdaşlıq məkanlarında, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində artan roluna da diqqət çəkib:
“Söhbət ideologiyadan deyil, maraqların, infrastrukturun və iqtisadi əlaqələrin koordinasiyasından gedir. Çindən Mərkəzi Asiya və Xəzər üzərindən Cənubi Qafqaza, ordan isə Türkiyə və Avropaya uzanan dəhliz regionun əhəmiyyətini obyektiv şəkildə artırır. Bu imkanlar eksklüziv xarakter daşımır və bütün Cənubi Qafqaz üçün açıqdır. Gürcüstan üçün bu, tranzit və logistika potensialının artmasıdır, Ermənistan üçün isə izolyasiya məntiqindən çıxış və real iqtisadi axınlara qoşulmaqdır. Seçim “kiməsə qarşı” deyil, “inkişafın lehinə” olmalıdır”.
R.Yunus sonda vurğulayıb ki, Azərbaycanın bütün regionun gələcəyinə görə təkbaşına məsuliyyət daşıması mümkün deyil. Yeni reallıq Gürcüstanla Ermənistanın siyasi elitalarından köhnəlmiş xarici təminat gözləntilərindən imtina etməyi və müstəqil strateji düşüncəni tələb edir:
“Tarix nadir hallarda ikinci şans verir, üçüncünü isə heç vaxt vermir. Hüququn güclə əvəz olunduğu dünyada ən hazırlıqlı olanlar qalib gəlir. Ya Cənubi Qafqaz ölkələri coğrafiyalarını güc mənbəyinə çevirəcəklər, ya da bunu onların yerinə başqaları edəcək”.
Siyasətçi fikrini italyan yazıçısı, filosof Nikkolo Makiavellinin sözləri ilə yekunlaşdırıb:
“Dövlətlər azadlıqlarını onlara hücum edildiyi zaman deyil, buna hazır olmadıqları zaman itirirlər”.
Qiymət Mahir
tag: Ramiz Yunus, Politoloq, Azərbaycan, Region,Suveren , todaypress.tv,
