Ramiz Yunus: "Ortaq məqsəd yoxdursa, danışıqlar münaqişəni bitirmir"
Təhlil
30.12.2025 10:39
“Mar-a-Laqoda keçirilən görüş sülhü bir addım belə yaxınlaşdırmadı. Əksinə, bu müharibədə ABŞ, Ukrayna və Rusiya arasında ortaq məqsədin olmadığını qəti şəkildə təsdiqlədi. Ortada ümumi məqsəd olmadığı halda danışıqlar sülh alətinə deyil, təzyiq formasına çevrilir”.
TodayPress TV xəbər verir ki, bu fikirləri Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus öz “Facebook” hesabında yazıb.
O bildirib ki, məhz bu səbəbdən müharibənin nə 2025-ci ildə, nə də yüksək ehtimalla 2026-cı ildə başa çatması real görünür:
“Ortaq məqsəd yoxdursa, danışıqlar münaqişəni bitirmir, sadəcə tərəflərin bir-birinə təzyiq mexanizminə çevrilir. Mövcud geosiyasi konfiqurasiya müharibənin yaxın perspektivdə sona çatmasına imkan vermir”.
Ramiz Yunus qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp müharibəni nəyin bahasına olursa olsun, bitirməyə çalışır, lakin bunun səbəbi qlobal təhlükəsizlik deyil, daxili siyasi maraqlardır:
“Ona seçiciyə asanlıqla təqdim edilə bilən, sadə və sürətli bir razılaşma lazımdır. Bu razılaşma ilk növbədə 2026-cı ilin payızında keçiriləcək Konqresə aralıq seçkilərində məğlub olmamaq şansına hesablanıb. Konqresin itirilməsi siyasi nəzarətin əldən çıxması, gündəliyin iflici və şəxsi hakimiyyətə ciddi zərbə deməkdir. Bundan əlavə, Nobel Sülh Mükafatı ideyası onun üçün şəxsi triumf və tarixi əsaslandırma simvolu olaraq qalır. Məhz buna görə zaman amili və “tez nəticə” onun üçün həlledicidir. Ədalət, uzunmüddətli təhlükəsizlik və Ukraynanın maraqları bu formula daxil deyil”.
Politoloqun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu müharibəni başlayarkən ağrısız çıxışı olmayan strateji səhvə yol verib:
“Onun üçün döyüşlərin davamı seçim deyil, zərurətdir. İşğal olunmuş ərazilərin itirilməsi sistem daxilində zəiflik kimi qəbul ediləcək. Avtoritar modeldə isə zəiflik hökmə bərabərdir. Buna görə Kreml üçün müharibə hakimiyyətin özünüqoruma formasıdır”.
Ramiz Yunus vurğulayıb ki, Ukrayna tamamilə fərqli mövqedə dayanır:
“Bu müharibə Ukrayna üçün nə reytinqlər, nə seçkilər, nə də simvollar haqqındadır. Bu, suveren dövlət kimi mövcud olmaq uğrunda aparılan müharibədir. Prezident Zelenski dəfələrlə açıq şəkildə bildirib ki, Ukrayna beynəlxalq alış-veriş obyekti və ya başqa ölkələrin siyasi dövrlərində razılaşma predmeti deyil. Təzyiqlər davam edir, lakin ölkə artıq “sülh” naminə subyektliyini itirməyə hazır deyil”.
Professor əsas təhlükənin Ukraynaya faktiki kapitulyasiya anlamına gələn kompromisin “razılaşma” adı altında sırınması olduğunu bildirib:
“Ordunun ixtisarı, Konstitusiyanın yenidən nəzərdən keçirilməsi, Avropa İttifaqı və NATO kursundan imtina və ya suverenliklə bağlı “müvəqqəti həllər” sülhə aparan yol deyil. Bu, daha ağır şərtlərlə yeni müharibənin sadəcə təxirə salınmasıdır”.
Onun sözlərinə görə, Avropa da tədricən anlayır ki, Ukraynanın süqutu mövcud təhlükəsizlik arxitekturasının sonu olacaq:
“Dəstək güclənir, lakin illüziyalar olmamalıdır. Təhlükəsizliyi başqasının azadlığı hesabına almaq mümkün deyil”.
Ramiz Yunus sonda nəticənin son dərəcə sərt olduğunu vurğulayıb:
“Ukrayna suverenliyi ilə ticarət edə bilməz - nə müttəfiqlərin təzyiqi altında, nə də düşmənin təhdidləri qarşısında. Suverenlik danışıqlar predmeti deyil. Dövlətçilik kompromis ola bilməz. Azadlıq müharibədə fasilə naminə satılmır. Bu gün edilən istənilən güzəşt sabah qaçılmaz eskalasiyadır. Tarix bunu artıq həddən artıq baha qiymətə sübut edib”.
Politoloq fikrini məşhur britaniyalı dövlət xadimi lord Palmerstonun sözləri ilə yekunlaşdırıb:
“Siyasətdə daimi dostlar yoxdur - yalnız daimi maraqlar var”.
Qiymət Mahir
tag: Ramiz Yunus,Politoloq,Ukrayna,Rusiya,Todaypress.tv,
