Qitələrarası raket ŞOKU: Dünya təhlükədədir!
Təhlil
22.01.2026 17:24
İran 10 min kilometr mənzilli qitələrarası ballistik raketin ilk sınağını keçirdiyini açıqlayıb.
Semnan şəhərindən buraxıldığı bildirilən və Sibir istiqamətinə yönəldiyi deyilən bu raket Tehranın uzaqmənzilli zərbə imkanlarını yeni mərhələyə çıxardığı barədə ciddi suallar doğurur.
İsrail mediasının yazdığına görə, əsas təhlükə nüvə başlığının mövcudluğu deyil, onun daşınmasını təmin edəcək daşıyıcı imkanların əldə olunmasıdır. Bu fondda İranın qitələrarası raket sınağının region üçün real təhlükə, yoxsa siyasi güc nümayişi olduğu müzakirə olunur.
Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Bakir Həsənbəyli bildirib ki, İran son illər ballistik raket arsenalını genişləndirərək düşmən infrastrukturuna hədə törədə biləcək imkanlar yaradıb və bununla da özünün strateji hərbi dəyərini artırmağa çalışır:

“ABŞ, İsrail və Körfəz ölkələrinin ballistik müdafiə sistemlərini inkişaf etdirməsi İran İslam Respublikasını alternativ həll yolları axtarmağa məcbur edib. Tehran yeni qitələrarası ballistik raket sınağı keçirdiyini iddia etməklə Şimali Amerikada istənilən nöqtəyə zərbə endirə biləcək potensiala malik olduğunu nümayiş etdirmək istəyir”.
Ekspertin sözlərinə görə, “Xürrəmşəhr-5” adlandırılan raketin texniki göstəriciləri də bu iddiaların ciddiliyini göstərir:
“Bildirilir ki, raketin uçuş məsafəsi 12 min kilometr, sürəti isə saniyədə 5,4 kilometrdir. Döyüş başlığının çəkisi iki ton təşkil edir. Raketin nüvə başlığı daşıyıb-daşımadığı rəsmən təsdiqlənməsə də, İranın uranı zənginləşdirməyə davam etməsi bu ehtimalı daim gündəmdə saxlayır”.
Bakir Həsənbəyli vurğulayıb ki, bu cür raketlərin inkişafı ABŞ ilə mövcud gərginlik fonunda İranın strateji planlarının tərkib hissəsidir:
“İsraillə baş verən 12 günlük qarşıdurma və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi Tehranın cavab planlarını Təl-Əvivdən daha çox Vaşinqtona yönəldib. Əgər nüvə başlıqları mövcud olarsa, bu sistemlərdən yayınan istənilən zərbənin nəticələri hədəf tərəf üçün son dərəcə fəlakətli ola bilər”.
Politoloqun fikrincə, İran artıq region səviyyəsində effektiv daşıma vasitələrinə malik olduğunu sübut edib:
“Bu fakt İsraillə müharibə zamanı öz təsdiqini tapdı. Əgər İran nüvə başlıqlarına da sahib olarsa, regionda mövcud qüvvələr balansı ciddi şəkildə dəyişəcək”.
Analitik qeyd edib ki, İranın müdafiə naziri Hüseyn Dehqanın ballistik nüvə raketi sınağını təsdiqləməsi də bu kursun davamlı olduğunu göstərir:
“İran tərəfi bildirir ki, bu sınaqlar nə nüvə razılaşmasını, nə də BMT qətnamələrini pozur. Eyni zamanda vurğulanır ki, bu addımlar əcnəbilərin ölkənin daxili işlərinə müdaxilə etməsinə imkan verməmək məqsədi daşıyır”.
Bakir Həsənbəylinin sözlərinə görə, raket proqramları İranın müdafiə strategiyasının əsas sütunlarından biridir:
“Bu proqramlar vasitəsilə Tehran öz sərhədlərini və milli maraqlarını qorumağı hədəfləyir. Son daxili və xarici proseslər fonunda qitələrarası raket sınağının keçirilməsi teokratik rejimin açıq güc nümayişidir”.
Ekspert hesab edir ki, İran bu yolla kənar xarici təsirlərə qarşı “məğlubedilməzlik” obrazı formalaşdırmağa çalışır:
“Lakin bu iddialar nə daxili auditoriya, nə də beynəlxalq miqyasda effektiv nəticə verəcək. İran rejimi artıq təkcə region üçün deyil, bütövlükdə dünya üçün təhlükə mənbəyi kimi qəbul olunur”.
Qiymət Mahir
tag: Bakir Həsənbəyli,Politoloq,Qitələrarası raket,İran,Todaypress.tv,
