Putinə SSRİ-nin taleyini xatırlatdı: Rusiya eyni aqibətlə üzləşəcək
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya gizli səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə müharibənin davam etdirilməsinin ölkəni ciddi iqtisadi böhranla üz-üzə qoya biləcəyi barədə sərt xəbərdarlıq etdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, “Frankfurter Allgemeine Zeitung”un amerikalı həmkarları tərəfindən məlumatlandırılan yüksək vəzifəli Avropa siyasi dairələrindəki mənbələrə istinadən yaydığı məlumata görə, Retkliff Putinə müharibənin hərbi baxımdan çıxılmaz vəziyyətə yaxınlaşdığını və Rusiyanın müharibəni davam etdirmək üçün iqtisadi imkanlarının getdikcə zəiflədiyini çatdırıb.
Məlumata görə, MKİ direktoru müharibənin uzun müddət davam etdirilməsinin Rusiya iqtisadiyyatını Sovet İttifaqının dağılmasından əvvəlki dövrlə müqayisə edilə biləcək sistemli böhrana sürükləyə biləcəyini bildirib.
Mesajın əsas məğzi ondan ibarətdir ki, müharibənin uzadılması təkcə hərbi və maliyyə xərclərini artırmır, eyni zamanda Rusiyanın uzunmüddətli iqtisadi və siyasi sabitliyi üçün təhlükə yarada bilər.
Bu xəbərdarlığın arxasında dayanan rəqəmləri araşdıranda görünən mənzərə ona haqq qazandırmağa imkan verir.
“Reuters”in sentyabrın 28-də yaydığı məlumata görə, Rusiya 2027-ci ildə müdafiə xərclərini 17,1 trilyon rubla çatdırmağı planlaşdırır. Bu, əvvəlki büdcə planından 27 faiz çoxdur və Ukraynaya qarşı müharibənin başladığı 2022-ci ildən bəri ən yüksək göstərici olacaq. Növbəti üç il ərzində müdafiə xərclərinin ümumilikdə 50 trilyon rubla çatacağı gözlənilir.
Eyni zamanda Rusiyanın 2026-cı il üzrə büdcə kəsiri proqnozu əvvəlki 1,6 faizdən 3,2 faizə yüksəldilib. Hökumətin ümumi xərcləri 48,6 trilyon rubla çatacaq ki, bu da ölkənin ÜDM-nin 20,9 faizinə bərabərdir. Neft və qaz gəlirləri üzrə proqnoz isə 8,9 trilyon rubldan 7,6 trilyon rubla endirilib.
İqtisadi artımla bağlı göstəricilər də Moskvanın üzləşdiyi təzyiqi göstərir. Rusiya hökuməti 2026-cı il üzrə iqtisadi artım proqnozunu əvvəlki 1,3 faizdən 0,4 faizə endirib. Bundan əvvəl açıqlanan məlumatlarda ilin ilk rübündə Rusiya iqtisadiyyatının 0,3 faiz daraldığı bildirilmişdi.
Söhbət təkcə büdcə xərclərində də deyil. SIPRI-nin hesablamalarına görə, Rusiyanın 2025-ci ildə ümumi hərbi xərcləri təxminən 15,9 trilyon rubl olub və bu, ölkənin ÜDM-nin 7,2 faizinə bərabərdir. Beləliklə, müharibə iqtisadiyyatının yükü artıq dövlət büdcəsinin ayrı-ayrı maddələrindən çıxaraq bütövlükdə iqtisadi sistemin strukturuna təsir göstərir.

Rusiya hərbi xərcləri artırmaqla cəbhədə təzyiqi saxlaya bilər, lakin bunun qarşılığında büdcə kəsiri böyüyür, iqtisadi artım zəifləyir və dövlət daha çox borclanmağa məcbur olur.
Vaşinqtonun Moskva üçün yaratmağa çalışdığı dilemma da məhz budur. Müharibəni davam etdirmək baha başa gələcək. Bu tam çökməyə qədər də apara bilər.
Jalə Rövşən