Putin və Trampın növbəti alveri: “Söhbət milyonlardan gedir”
Təhlil
22.01.2026 11:18
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməsi məsələsinə münasibət bildirib.
O deyib ki, vaxtilə ABŞ Rusiyadan Alyaskanı 7,2 milyon dollara necə almışdısa, üzərinə bir qədər də əlavə etməklə Qrenlandiyanı da ala bilər. Hətta müqayisə apararaq qeyd edib ki, o dövrün 7 milyon dolları bu günün təxminən 150 milyon dollarına bərabərdir.
Putin eyni zamanda Trampın onu “Sülh Şurası”na dəvət etməsinə və bunun üçün 1 milyard dollar tələb olunmasına da münasibət bildirib. O, dəvətə və göstərilən hörmətə görə təşəkkür edib, lakin qoşulmaq üçün tələb edilən məbləğin Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən götürülə biləcəyini deyib.
Siyasi ekspert Əziz Əlibəyli Rusiya liderinin açıqlamalarını TodayPress TV-yə şərh edib.

Analitik bildirib ki, dollar, alqı-satqı və qarşılıqlı təşəkkür notları ilə müşayiət olunan bu açıqlamalardan sonra vacib bir sual ortaya çıxır: Rusiya Alyaskanı ABŞ-yə niyə satmışdı?
O xatırladıb ki, Krım müharibəsindən sonra Rusiya xeyli zəifləmişdi və Alyaskanı müdafiə etmək imkanlarının məhdud olduğunu düşünürdü:
“Ən böyük qorxu isə Britaniyanın Kanada üzərindən bu ərazini müharibə zamanı asanlıqla ələ keçirə bilməsi idi. Rusiya istəmirdi ki, əsas rəqibi onun sərhədlərinə bu qədər yaxın olsun. Məhz buna görə Alyaskanı ABŞ-yə satmaq daha məqsədəuyğun variant hesab edilirdi. Həmin dövrdə Vaşinqtonla münasibətlər də yaxşı idi”.
Politoloq qeyd edib ki, o zaman heç kim 30 il sonra Alyaskada zəngin qızıl yataqlarının kəşf ediləcəyini təsəvvür belə etmirdi:
“Bu gün baş verənlər sadəcə tarixi xatırlatma deyil. Putin və Tramp açıq şəkildə alver edirlər. Putin tarixi analogiya vasitəsilə yeni bir anlaşmaya işarə edir və əslində, yeni məsələlər üzrə razılaşmanın mövcudluğunu dolayı yolla etiraf edir. Pul baxımından hər iki tərəf qazanır, Krım məsələsi kontekstində isə Rusiyanın təxminən 300 milyard dollarlıq dondurulmuş vəsaitinin taleyi gündəmə gətirilir. Dollar, torpaq alqı-satqısı, böyük siyasət və yenə də Rusiya–ABŞ münasibətləri...”.
Qiymət Mahir
tag: Əziz Əlibəyli,Ekspert,Rusiya,ABŞ,Todaypress.tv,
