Pul müqabilində ərazi: Zelenski bu dəfə Donetski verir?
Təhlil
23.01.2026 16:44
“Ukraynanın maliyyə yardımı qarşılığında torpaqlardan imtina etməsi ehtimalı hazırkı mərhələdə son dərəcə aşağıdır”.
Politoloq Yusif Bağırzadə bu fikirləri TodayPress TV-yə şərh edərkən bildirib.

O vurğulayıb ki, Qərb mediasında Ukraynanın 800 milyard dollarlıq maliyyə yardımı və təhlükəsizlik zəmanətləri müqabilində bəzi ərazilərdən imtina edə biləcəyi ilə bağlı yayılan məlumatlar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Onun sözlərinə görə, mövcud geosiyasi reallıq və Kiyevin indiyədək apardığı rəsmi siyasət bu ssenarinin mümkünlüyünü demək olar ki, istisna edir.
“Ukrayna Prezidenti Volodimir Zelenski işğal olunmuş Donbas və Krım əraziləri ilə bağlı hər hansı kompromisə getməyəcəyini dəfələrlə açıq şəkildə bəyan edib və bu cür qərarların onun səlahiyyətində olmadığını da qeyd edib. Ukrayna hökuməti, parlamenti və hətta müxalifət bu əraziləri ölkənin milli suverenliyinin ayrılmaz hissəsi kimi qəbul edir”, - deyə siyasi şərhçi bildirib.
Onun fikrincə, rəsmi çərçivədə “pul müqabilində torpaq vermək” siyasi olaraq da ciddi narazılıq doğura bilər.
Analitikin sözlərinə görə, ABŞ və Avropa İttifaqı indiyədək Ukraynaya böyük həcmdə dəstək versə də, bu səviyyədə paket yalnız Ukraynanın təbii sərvətlərinin uzunmüddətli istismarı və gəlirlərin illər ərzində ötürülməsi şəraitində mümkün ola bilər.
“Bu tip informasiyaların dövriyyəyə buraxılması daha çox Ukraynanın mövqeyini yoxlamaq məqsədi daşıyır, lakin Zelenskinin torpaqlardan imtina etməsi ehtimalı olduqca aşağıdır”, - deyə Bağırzadə fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukraynanın danışıqlar qrupunun Əbu-Dabidə keçiriləcək ilk üçtərəfli görüşündə gələcək sülh müqaviləsinin əsasını təşkil edəcəyi planlaşdırılan dörd sənədin təqdim edilməsi gözlənilir. Onlardan biri Ukrayna qoşunlarının Donetsk bölgəsindən tamamilə çıxarılması müqabilində 800 milyard dollarlıq maliyyələşdirmə proqramı ilə bağlı olan sənəddir.
Aysel Mətləb
tag: Yusif Bağırzadə,Politoloq,Ukrayna,Zelenski,Donetsk,Todaypress.tv,
