Pəhləvinin “yaz yuxusu”... — Bu ölkələrin mövqeyi niyə soruşulmur?

Təhlil

17.01.2026 17:47

“Rza Pəhləvi artıq özünü ABŞ-nin dəstəyi ilə İranda hakimiyyətə gəlmiş hesab edir”.

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bunu İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvinin Rusiya və Çinlə bağlı “Pəhləvilər İranda hakimiyyətə gəlsə, onlar bu dövrdə Rusiya və Çinin maraqlarına hörmətlə yanaşacaq” açıqlamasını TodayPress TV-yə şərh edərkən bildirib.  


O hesab edir ki, Rza Pəhləvi bununla bir növ Rusiya və Çinə onların da maraqlarının qorunmasının lazım olub-olmadığı ilə bağlı sual verir: 

“Əslində isə bu, Rza Pəhləvinin yaz yuxusudur. Pəhləvi bu cür mesajlar verəndə ilk növbədə Türkiyə və Azərbaycanın mövqelərini öyrənməlidir, çünki bu ölkələr Pəhləvinin hakimiyyətə gəlməsinə imkan verməzlər. İran cəmiyyətində görünən odur ki, Pəhləvini yenidən hakimiyyətdə görmək istəyən hissə reallıq hissini itirib. Onlar hazırkı hakimiyyətdən qurtulmaq üçün kim olur-olsun, hakimiyyətə gəlməsini istəyirlər”. 

Ekspertin sözlərinə görə, ABŞ də artıq İran hakimiyyətindən qurtulmağa çalışır:

“Mollaların yerinə kimin gələcəyi isə ABŞ üçün sonrakı mərhələnin məsələsidir. Hesab edirəm ki, bu cür bəyanatların verilməsi “arxı keçməmiş hop deməyə” bənzəyir. Molla rejimi hələ də hakimiyyətdədir və onlar hakimiyyətdən getməmək üçün şeytanla belə razılığa gələcəklər”.

Qiymət Mahir

tag: Pəhləvi,ABŞ,İran,Çin,Rusiya,Todaypress.tv,