Parçalanan dünyada birləşən iki qardaş: 34 illik tarix
Təhlil
14.01.2026 15:01
“34 il əvvəl bu gün Türkiyə XİN Azərbaycanla diplomatik münasibətlər qurduğunu açıqladı”.
TodayPress TV xəbər verir ki, siyasi analitik Əziz Əlibəyli bunu öz “Facebook” hesabında yazıb.

O bildirib ki, bu gün dünyada Ankara–Bakı qardaşlığını təkrar edə biləcək model tapmaq mümkün deyil:
“Zəfərin əldə olunması, Bakı paradı, Şuşa Bəyannaməsi, BTC, Türk Dövlətləri Təşkilatı və nəhayət, Zəngəzur dəhlizi...İki böyük lider əl-ələ verərək od çəmbərinin ortasında sabitlik adası qurublar. Zəngəzur dəhlizi ilə yüz illik tarixin gedişatı dəyişdiriləcək, şərq qərbə, şimal cənuba bağlanacaq Türk dünyası birləşmək üzrədir. Orta Asiyanın inanılmaz insani və maddi resursu Qafqazlardan keçərək Anadolu ilə birləşəcək. İki liderin çiynində amansız müharibələrlə formalaşmış türk imperiyalarının tarixini, hətta düşmənlikləri belə dəyişdirmək missiyası dayanır. Onlar dünyanın üçüncü böyük iqtisadi gücünə doğru irəliləyirlər.
Parçalanan dünyada birləşən türk ellərinin əslində 34 illik tarixi var.
Zaman bizə şahid olsun!
İki qardaşın sıx tutulan əli hələ çox şanlı tarixi mərhələlərə meydan olacaq!”
Ə.Əlibəyli əlavə edib ki, Türkiyə və Azərbaycansız gələcək dünya, hava və su qədər zəruri olan yollar olmadan mümkün deyil:
“İki dövlətin sayəsində yeni dünya nizamında yeni yollar açılacaq. Tarixdə ilk dəfədir ki, dünya quruculuğunda iştirak edirik”.
Qeyd edək ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqillik aktı qəbul edildi. Bundan qısa müddət sonra, yəni, noyabrın 9-da qardaş Türkiyə Azərbaycanı müstəqil ölkə kimi tanıdığını bəyan etdi. Beləliklə, Türkiyə həm də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə kimi tarixə düşdü. İki ölkə arasında diplomatik əlaqələr isə rəsmi olaraq 1992-ci ilin 14 yanvar tarixindən başladı.
Qiymət Mahir
tag: Əziz Əlibəyli,Siyasi analitik,Türkiyə,Azərbaycan,Todaypress.tv,
