NATO çağırdı: Avropanın taleyi Türkiyənin əllərində!
Təhlil
13.01.2026 13:04
NATO Rusiyanın Baltikyanı bölgədə artan hərbi fəallığı fonunda Türkiyədən 2026-cı ildə planlaşdırılandan əvvəl Baltik Hava Polisi missiyasına qoşulmağı, avqust–dekabr aylarında Estoniyaya F-16 qırıcıları yerləşdirməyi istəyir. Bu tələb Ankaranın Rumıniya ilə bağlı əvvəlki planlarını yenidən nəzərdən keçirməsinə səbəb olub və ekspertlər bunu NATO–Rusiya qarşıdurmasının dərinləşməsi riski kimi qiymətləndirirlər.
Bəs NATO-nun Türkiyəni Baltikyanı bölgəyə vaxtından əvvəl cəlb etməsində səbəb nədir? Türkiyə buna gedəcəkmi?
Məsələ ilə əlaqədar TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, NATO-nun çətinlikləri daxili ziddiyyətlərdən irələyir:

"Son vaxtlar NATO ətrafında olduqca mürəkkəb proseslər cərəyan edir. Demək olar ki, NATO-nun başı üzərində qara buludlar toplaşıb. Ancaq bu problemlərin qaynağı Rusiyanın və ya Çinin fəaliyyəti deyil. NATO-nun əsas çətinlikləri alyansın daxilindəki ziddiyyətli proseslərlə bağlıdır, çünki bu hərbi-siyasi qurum daxildə parçalanma təhlükəsi ilə üzləşib".
Analitik qeyd edib ki, ABŞ-nin siyasəti NATO-nu zəiflədir:
"Əsas səbəb Amerika Birləşmiş Ştatlarının son davranışlarıdır. Tramp administrasiyası dönəmində ABŞ-nin siyasəti NATO-nun ümumi maraqlarına zidd xarakter daşıyıb. Ağ Ev bir tərəfdən NATO daxilindəki fəaliyyətləri məhdudlaşdırır, digər tərəfdən Avropa ölkələrindən müdafiə sistemlərini yenidən qurmağı tələb edir və bunun üçün böyük maliyyə xərclərini öhdələrinə buraxır. Eyni zamanda ABŞ bəyan edib ki, bundan sonra Avropa ölkələrinin təhlükəsizliyi üçün ABŞ büdcəsindən əlavə vəsait xərclənməyəcək".
Ekspertin qənaətincə, ABŞ və NATO arasında ciddi ziddiyyətlər mövcuddur və bu, alyansın zəifləməsinə səbəb olur. Üstəlik, ABŞ üzv ölkələrə siyasi-psixoloji təzyiqlər göstərir. Məsələn, ABŞ Qrenlandiyanı nəzarət altına almaq niyyətini açıq şəkildə bəyan edib. Qrenlandiya NATO üzvü olan Danimarkanın ərazisidir, yəni belə bir addım NATO-nun beşinci maddəsinin işə düşməsi ehtimalını yaradır. Maraqlıdır ki, beşinci maddə normalda NATO-nun rəqiblərinə qarşı nəzərdə tutulub, lakin bu vəziyyətdə ABŞ-yə qarşı da tətbiq oluna bilər.
Onun sözlərinə görə, bundan əlavə, Tramp administrasiyası Kanadaya da təzyiq göstərərək ölkədən ABŞ-nin tərkibinə daxil olmağı tələb edib.
"Bütün bunlar göstərir ki, NATO ciddi şəkildə zəifləyir və ABŞ alyansdan tədricən uzaqlaşır. Belə vəziyyət Türkiyəni NATO üçün həlledici dövlətə çevirir, çünki ABŞ-dən sonra Türkiyə alyansdakı ikinci ən güclü hərbi potensiala malik dövlətdir. ABŞ nəzərə alınmadıqda, Türkiyə NATO-nun ən güclü üzvü kimi çıxış edir", - politoloq qeyd edib.
E.Xalidbəyli sonda vurğulayıb ki, NATO Türkiyəyə möhtacdır:

"Bu səbəbdən NATO və üzv ölkələr Türkiyənin dəstəyinə böyük ehtiyac duyur. Yalnız Baltikyanı ölkələr deyil, ümumiyyətlə Avropa üçün yeni müdafiə sistemi qurularkən Türkiyənin iştirakı həlledici rol oynaya bilər. Avropa ölkələri NATO-nun təhlükəsizlik çətirindən faydalansa da, ABŞ-nin davranışları bu çətirin təsirini zəiflədir. Yeni təhlükəsizlik sistemi hazırlanarkən Türkiyənin rolu önəmli hesab olunur. NATO-nun Türkiyəni Baltikyanı bölgənin müdafiəsinə vaxtından əvvəl dəvət etməsinin əsas səbəbi məhz budur".
Jalə Rövşən
tag: Elçin Xalidbəyli,Politoloq,Türkiyə,NATO,Todaypress.tv,
