Natali Aleksanyan: “İqtisadi əməkdaşlıq münasibətləri yeni mərhələyə aparacaq”

Təhlil

22.01.2026 17:34

“Davosda baş verən hadisələri, o cümlədən Ermənistan və Azərbaycan Prezidentlərinin orada sülhə dair verdiyi bəyanatları mühüm və əlamətdar siyasi siqnal kimi qiymətləndirirəm”.  

Bunu TodayPress TV-yə ermənistanlı politoloq Natali Aleksanyan deyib. 

O, bildirib ki, bu özü onu göstərir ki, tərəflər artıq sülh gündəminin təxirə salına bilməyəcəyini dərk edir və bu məsələ ən yüksək səviyyədə birbaşa dialoq tələb edir: 

"Davos təsadüfi platforma deyil. Bu, qlobal etimad və iqtisadi qarşılıqlı əlaqə məkanıdır; burada deyilən hər bir söz və baş tutan hər bir görüş beynəlxalq kontekstdə qiymətləndirilir".

Analitik qeyd edib ki, eyni zamanda, baş verənlərə ayıq və real yanaşmaq vacibdir. Rusiya Federasiyasının regionda sülh və inteqrasiya proseslərini pozmaq cəhdlərinə baxmayaraq, Davosda baş verən bugünkü hadisələr göstərir ki, qərarlar getdikcə daha çox xarici güc mərkəzlərinin təsiri ilə deyil, dövlətlərin öz milli maraqlarından çıxış edərək qəbul olunur.  

"Münaqişələrin nəticələrini şüar səviyyəsində deyil, insan taleləri səviyyəsində yaşamış bir qadın, bir vətəndaş kimi əminəm ki, məhz iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq siyasi iradəni dayanıqlı sülhə çevirə biləcək əsas təməl ola bilər",- Natali Aleksanyan  əlavə edib.

Ekspert sonda xüsusilə diqqətə çatdırıb ki, iqtisadi əməkdaşlıq Azərbaycan-Ermənistan münasibətlərini yeni mərhələyə daşıya bilər: 

“Əgər bu səviyyədə görüşlər davamlı xarakter alarsa və nəqliyyat, ticarət və iqtisadi əməkdaşlıq sahələrində konkret razılaşmalarla nəticələnərsə, Azərbaycan-Ermənistan dialoqu keyfiyyətcə yeni mərhələyə keçə bilər. İqtisadi qarşılıqlı asılılıq təhlükə deyil, əksinə, bütün Cənubi Qafqaz üçün təhlükəsizlik və sabit gələcəyin təminatına çevrilə bilər".   

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentləri 30 illik münaqişəyə son qoyan tarixi sülh müqaviləsinin imzalanmasından bəri çərşənbə axşamı Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” panelində ilk dəfə bir araya gəliblər.

Azərbaycan Prezidenti İlham Əliyev sülh müqaviləsini İrəvan, Bakı və Cənubi Qafqaz üçün böyük nailiyyət adlandırıb. O bildirib ki, bu vəziyyət "çox dərin düşmənçilikdə olan ölkələrin əməkdaşlığa necə müraciət edə biləcəyinin bir nümunəsidir".

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan isə Ermənistanın Baş naziri Nikol Paşinyana və Azərbaycan Liderinə sülhə nail olmaqda göstərdikləri siyasi iradəyə görə təşəkkür edib.

Jalə Rövşən

TodayPress TV

tag: Natali Aleksanyan,Erməni jurnalist,Azərbaycan,Ermənistan,Todaypress.tv,